AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRİ EYTAN NAYENİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Prezident sarayında İsrailin ölkəmizdəki səfiri Eytan Nayeni Bakıda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan-İsrail əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirdi. Cənab Eytan Nayenin Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkələrimizin əlaqələrinin çox uğurla inkişaf etdiyini, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin inkişafından məmnun qaldığını nəzərə çarpdırdı. Səfirin humanitar məsələlərlə bağlı fəaliyyətinin Azərbaycan ictimaiyyəti tərəfindən razılıqla qarşılandığını bildirən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
Bakıda fəaliyyət göstərdiyi dövrün çox maraqlı keçdiyini söyləyən diplomat Azərbaycan üçün tarixi dövr olan bu illərdə ölkəmizdə çalışmasından sevinc hissi keçirdiyini bildirdi. O, Azərbaycan hökuməti ilə birlikdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində əməkdaşlıqdan məmnunluq duyduğunu vurğuladı. Cənab Eytan Naye dedi ki, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İsrail hökumətinin prioritet istiqamətlərindən biridir.
Diplomat ümidvar olduğunu bildirdi ki, İsrailin Azərbaycanda işləyəcək yeni səfiri də ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Azərbaycanın və İsrailin yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin çox əhəmiyyətli olduğunu vurğulayan səfir İsrail hökuməti adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar arzuladı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirən diplomat İsrail dövlətinin Azərbaycanı həmişə firavan, inkişaf edən bir ölkə kimi görmək istədiyini nəzərə çarpdırdı.
Cənab Eytan Naye Bakıda diplomatik fəaliyyəti dövründə ona göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi, ölkəmizi gözəl xatirələrlə tərk etdiyini söylədi. O, dövlətimizin başçısına və xalqımıza səmimi arzularını çatdırdı.