AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Prezident sarayında İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenkin etimadnaməsini qəbul etmişdir.
Səfir Artur Lenk öz etimadnaməsini dövlətimizin başçısına təqdim etdi və bundan böyük şərəf duyduğunu bildirdi.
Prezident İlham Əliyev səfirlə xatirə şəkli çəkdirdi.
Sonra keçirilən görüşdə Prezident İlham Əliyev diplomatı təbrik etdi, Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı dedi ki, bizim ölkələrimiz arasında əlaqələrin uzun tarixi var, Azərbaycan və İsrail uğurlu əməkdaşlıq edirlər. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcəkdir. Ölkəmizdə yəhudi icması çox fəaldır, etnik, dini tolerantlıq vardır. Ümid edirəm ki, siz diplomatik fəaliyyətinizdə əlaqələrimizin müxtəlif sahələrdə inkişafına, o cümlədən siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəksiniz.
Səfir Artur Lenk dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən Azərbaycan dilində bir parça oxudu və dedi ki, burada deyildiyi kimi, biz yaxşı əməkdaşlıqdan bəhrələnə bilərik. İsrail ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı insanlara xeyir gətirir və bu əməkdaşlıqdan ölkələrimiz bəhrələnəcəkdir. Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan şərəf duyuruq, bu ölkədəki dini tolerantlığı yüksək qiymətləndiririk.