AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Prezident sarayında İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanın etimadnaməsini qəbul etmişdir.
Səfir Can Luici Maşa öz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi, dövlətimizin başçısına İtaliya Prezidenti Adzelyo Çampinin və Baş nazir Silvio Berluskoninin salamlarını və Azərbaycan xalqına səmimi arzularını çatdırdı. O, Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi, gələcək işində ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün əlindən gələni edəcəyini söylədi. Səfir İtaliya-Azərbaycan əlaqələrinin inkişafında və yüksək səviyyəyə çatmasında Prezident Heydər Əliyevin xüsusi xidmətləri olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirlə xatirə şəkli çəkdirdi.
Sonra keçirilən səmimi görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sizə səfir kimi fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Sizin fəaliyyətiniz ikitərəfli əlaqələrin inkişafı üçün çox faydalı olacaqdır. İlin əvvəlində İtaliyaya etdiyim səfəri, Prezident Adzelyo Çampi, Baş nazir Silvio Berluskoni ilə və digər rəsmi görüşlərimi məmnunluqla xatırlayıram. Keçirdiyim bütün görüşlərdən çox məmnun oldum. Azərbaycanın Avropaya inteqrasiyasında İtaliyanın dəstəyinə görə təşəkkürümü bildirirəm. Bir daha Azərbaycanda sizi salamlayır, uğurlar arzulayıram.