AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ MARQARİTA KOSTANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Prezident sarayında İtaliyanın ölkəmizdəki səfiri Marqarita Kostanı Bakıda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin inkişafında səfirin rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev dedi ki, xanım Marqarita Kosta həm səfir, həm də gözəl bir insan kimi Azərbaycan vətəndaşlarının qəlbində böyük iz qoymuşdur.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, xanım Marqarita Kostanın Bakıda diplomatik fəaliyyətinin başa çatmasına baxmayaraq, onun ölkəmizlə əlaqələri bundan sonra da davam edəcək, Azərbaycana səfərlər edəcəkdir.
Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Marqarita Kostanın “Şöhrət” ordeni ilə təltif olunması barədə bu il iyulun 19-da Sərəncam imzaladığını bildirdi və həmin ordeni səfirə təqdim etdi.
Xanım Marqarita Kosta yüksək ordenə layiq görülməsi ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bu ordeni almasından şərəf duyduğunu söylədi. Azərbaycanı və Azərbaycan xalqını qəlbən sevdiyini vurğulayan səfir Azərbaycan xalqının mərd, qonaqpərvər, zəngin mədəniyyətə, incəsənətə, tarixə malik olan bir xalq kimi qiymətləndirdiyini nəzərə çarpdırdı.
Xanım Marqarita Kosta Bakıda diplomatik fəaliyyətinin başa çatmasından təəssüf hissi keçirdiyini bildirdi və daim Azərbaycan ilə əlaqə saxlayacağını vurğuladı.