AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KARDİNAL KREŞENTSİO SEPENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Prezident sarayında İncilin təbliği konqreqasiyasının prefekti, kardinal Kreşentsio Sepenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bazar günü Bakıda katolik kilsəsinin təməlinin qoyulması mərasimi keçirilməsinin çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq bildirdi ki, kilsənin tikilməsi haqqında qərar bir il əvvəl qəbul edilmişdi. Prezident İlham Əliyev Vatikana səfərini məmnunluqla xatırlayaraq dedi ki, onun gedişində kilsənin tikintisi ilə bağlı son sənədləri Vatikana təqdim etmişdi. Azərbaycanda bu kilsənin tikilməsi bir daha göstərir ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir. Bütün dinlər sərbəst şəkildə fəaliyyət göstərir, insanların hamısı bir ailə kimi yaşayır.
Prezident İlham Əliyev vurğuladı ki, biz Vatikanla münasibətlərin inkişafına böyük əhəmiyyət veririk və əlaqələrimizin yüksək səviyyədə olmasından çox məmnunuq. Əminik ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcəkdir. Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafına xidmət göstərəcəkdir.
Dövlətimizin başçısı Roma Papası II İohann Pavelin Azərbaycana səfərini yüksək qiymətləndirdi və ümummilli liderimiz Heydər Əliyev ilə Papa arasında çox səmimi dostluq münasibətlərinin olduğunu vurğuladı.
Kardinal Kreşentsio Sepe qəbula görə öz adından və nümayəndə heyətinin adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, ona Vatikan Dövlətinin başçısı XVI Benediktin salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq dedi ki, mənim Azərbaycana səfərim barədə Papanın məlumatı vardı və o, bu səfəri çox vacib hesab edir. Zati-müqəddəsləri Papa XVI Benediktin adından Sizə dərindən təşəkkür edirik ki, xeyirxahlıq göstərərək, Azərbaycanda bizim gördüyümüz işləri dəstəkləmisiniz və əminik gələcəkdə bu dəstəyi görəcəyik. Papa II İohann Pavelin dəfn mərasimində iştirakınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Vatikan tərəfi bunu çox yüksək qiymətləndirmişdir. Sizin atanız, möhtərəm Heydər Əliev ilə Papa II İohann Pavel arasında çox səmimi və sıx dostluq münasibətləri var idi. Bakıda katolik kilsəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Prezident Heydər Əliyev tərəfindən qəbul edilən qərar bizim üçün böyük hədiyyə idi və bunu çox yüksək qiymətləndiririk. Bu, Vatikanla əlaqələrin inkişafına böyük əhəmiyyət verməyinizin bariz nümunəsidir.
Kardinal daha sonra dedi ki, biz bu gün səhər Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini anmaq üçün onun məzarını ziyarət edərək əklil qoyduq. Eyni zamanda, Şəhidlər xiyabanını da ziyarət etdik. Biz kimsəsiz, yoxsul adamlar üçün evin tikilməsini arzu edirik və bu məqsədlə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycanda tolerantlıq mühiti hökm sürür və bu, çox vacibdir. Ölkənizdə bütün sahələrdə böyük inkişaf vardır, həm dini, həm də mülki baxımdan tam dözümlülük, tolerantlıq mövcuddur. Dünyanın hər bir guşəsində insanların əmin-amanlıq şəraitində yaşaması və möhkəm sülhün olması Müqəddəs taxt-tacın əsas arzularından biridir. Bu baxımdan Zati-alinizə dəstək olaraq, bu işə öz töhfəmizi vermək məqsədi ilə ölkənizdə Vatikanın nümayəndəsi fəaliyyət göstərir. Eyni zamanda, Bakıdakı katolik icmasının rəhbəri də bu sahədə Sizi dəstəkləməyə həmişə hazırdır. Onlar bundan sonra da səylərini davam etdirərək, Azərbaycan xalqının rifahı, sülh şəraitində tərəqqiyə nail olması naminə əllərindən gələni əsirgəməyəcəklər.
Prezident İlham Əliyev Roma Papasının səmimi salamlarına görə minnətdarlığını bildirdi və özünün də səmimi salamlarını, xoş arzularını Zati-müqəddəsləri Papa XVI Benediktə çatdırmağı xahiş etdi.