AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KÜVEYT NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı qonaqları səmimi salamlayaraq, onların Bakıda keçirdikləri görüşləri yüksək qiymətləndirdi, ölkələrimizin sıx əməkdaşlıq etdiyini vurğuladı. Prezident İlham Əliyev Küveyt Fondunun Azərbaycanda həyata keçirilən layihələrə göstərdiyi köməyə və dəstəyə görə minnətdarlığını bildirdi.
Azərbaycanla Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev dost ölkənin Baş naziri ilə görüşünü yada saldı və ona səmimi salamının yetirilməsini xahiş etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox vətəndaşımızın qaçqın, köçkün vəziyyətinə düşdüyünü xatırladaraq vurğuladı ki, bu münaqişəyə münasibətdə Küveytin mövqeyi birmənalıdır və İslam Konfransı Təşkilatında açıqlanıbdır, yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bu münaqişə beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Prezident İlham Əliyev bu məsələdə Küveyt Dövlətinin siyasi dəstəyinə görə minnətdarlığını bildirdi.
Səmimi qəbula və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkür edən doktor Abdullah Məətuq əl-Məətuq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini bildirdi, bu dahi şəxsiyyətin Azərbaycanı böyük bəlalardan qurtardığını və ölkənin inkişafı naminə misilsiz işlər gördüyünü vurğuladı.
Küveyt rəhbərliyinin salamlarını və öz ölkəsinə səfərə dəvətini Azərbaycan Prezidentinə çatdıran nazir iki il əvvəl Bakıda olduğunu, ötən müddətdəki dəyişikliyin, aparılan tikinti işlərinin onu çox valeh etdiyini söylədi, Azərbaycanın geniş beynəlxalq əlaqələr yaratmasını yüksək qiymətləndirdi.
Nazir bir daha vurğuladı ki, Küveyt Dövləti Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü həmişə dəstəkləmişdir və Azərbaycanın haqq işini bundan sonra da müdafiə edəcəkdir.
Qonaq indiki səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi daşıdığını bildirdi. Nazir Asiya İslam Xeyriyyə Təşkilatının Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladaraq, bu işlərin gələcəkdə də davam edəcəyinə əminliyini söylədi.
Qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə iştirak edirdi.