AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Prezident sarayında Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanasın etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kestutis Kudzmanas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini söylədi, Litva Prezidenti Valdas Adamkusun Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını bildirdi. Dövlətimizin başçısı əlaqələrin və regional səviyyədə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı, Litvanın Bakıda fəaliyyət göstərəcək ilk səfiri kimi Kestutis Kudzmanasa uğurlar arzuladı.
Səfir Kestutis Kudzmanas ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu, hazırda onun siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı. O, səfir işlədiyi müddətdə əlaqələrimizin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.