AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Prezident sarayında Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskinin etimadnaməsini qəbul etmişdir.
Səfir Kşiştof Krayevski öz etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:
- Möhtərəm cənab Prezident, Polşa Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım haqqında etimadnaməmi Sizə təqdim etməyi özümə böyük şərəf sayıram. Polşa Prezidenti cənab Aleksandr Kvasnevskinin səmimi salamlarını və xoş arzularını Sizə çatdırıram.
Prezident İlham Əliyev səfirlə xatirə şəkli çəkdirdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq dedi ki, mən Polşaya səfərimi və keçirilmiş görüşləri məmnunluqla xatırlayır, münasibətlərimizin yüksək səviyyəsini qeyd edirəm. Ümidvaram ki, ölkəmizdə fəaliyyətiniz Polşa ilə Azərbaycan arasında münasibətlərin genişlənməsinə, ikitərəfli səviyyədə və regional layihələrdə, beynəlxalq təşkilatlar çərçivəsində daha fəal əməkdaşlığa da kömək edəcəkdir. Ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşma mövcuddur, Polşa Prezidenti və hökumət rəhbərləri ilə şəxsi münasibətlərimiz var. Əməkdaşlığımızın uzun müddət davam edəcəyinə ümid bəsləyir, buradakı fəaliyyətinizdə uğurlar arzulayıram.