AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ REGİONAL İNKİŞAF NAZİRİ VLADİMİR YAKOVLEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Prezident sarayında Rusiya Federasiyasının regional inkişaf naziri Vladimir Yakovlevi qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Regional iqtisadi əlaqələrin genişləndiyini vurğulayan Prezident İlham Əliyev müxtəlif qurumlar arasında əlaqələrin və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycan Prezidenti Rusiya Federasiyasının regional inkişaf nazirinin ölkəmizə bu səfərinin də əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rusiya Federasiyasının regional inkişaf naziri Vladimir Yakovlev xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladı. O, əlaqələrimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayaraq əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirdi.