AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Prezident sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Şaban Dişlini, partiya sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Murad Mercanı və TBMM-in AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili İnci Dərvişi qəbul etmişdir.
Prezident İlham Əliyev qonaqlara müraciətlə dedi ki, sizin nümayəndə heyətinin bu səfəri çox önəmlidir, Azərbaycanın və Türkiyənin iqtidar partiyaları arasında əlaqələrin daha da inkişafına xidmət edəcəkdir. Dövlətimizin başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfərini məmnunluqla xatırlatdı və səfərin gedişində keçirilmiş görüşləri, aparılmış danışıqları yüksək qiymətləndirdi, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini vurğuladı. Eyni zamanda, müxtəlif səviyyələrdə əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrin, partiyalararası əməkdaşlığın genişlənməsinin vacibliyini bildirdi.
Prezident İlham Əliyev dedi ki, Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası hazırda iqtidarda olan partiyalardır, ölkələrimizin xalqlarının dəstəyinə arxalanırlar. Bizim partiyaları birləşdirən cəhətlərdən biri də odur ki, onların hər ikisi vaxtilə müxalifətdə olmuşdur. Müxalifətdə olan dövrdə də siyasətlərini milli maraqlar üzərində qurmuşlar. Ona görə də xalq bizi müxalifətdən iqtidara gətirdi. Ölkələrimizdə gedən siyasi və iqtisadi islahatlar onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycan Prezidenti vurğuladı ki, biz istərdik YAP və ƏİP arasında təcrübə mübadiləsi olsun, bu, YAP-ın dünya partiyaları birliyinə daha sıx inteqrasiyasına xidmət edəcəkdir.
Dövlətimizin başçısı daha sonra dedi ki, Türkiyənin və Azərbaycanın bölgədəki rolu getdikcə güclənir. Bütün məsələlərdə, o cümlədən beynəlxalq və regional məsələlərə münasibətdə ölkələrimiz arasında birliyin olması Türkiyə və Azərbaycanın bölgədəki rolunun daha da güclənməsinə kömək edir. Azərbaycan və Türkiyənin müttəfiqliyi xalqlarımızın gələcəyinin təminatıdır. Prezident İlham Əliyev Ədalət və İnkişaf Partiyasına gələcək fəaliyyətində uğurlar arzuladı.
Nümayəndə heyətinin adından çıxış edən Şaban Dişli Prezident İlham Əliyevə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdı. O dedi ki, Bakıya Yeni Azərbaycan Partiyasının dəvəti ilə gəlmişik. Sizin də bildirdiyiniz kimi, iqtidar partiyaları arasındakı əlaqələrin ölkələrimizin münasibətlərinin səviyyəsinə uyğun olması, bir sıra məsələlərdə fikir mübadiləsi və məsləhətləşmələr aparılması çox vacibdir. ƏİP-in Avropanın aparıcı ölkələrinin partiyaları ilə geniş əlaqələri var və bu sahədə təcrübəmizi Yeni Azərbaycan Partiyası ilə bölüşməyə hazırıq.
Prezident İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi və özünün də salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.