AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ ANATOLİ YURÇENKONU QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 1-də Prezident sarayında Ukraynanın ölkəmizdəki səfiri Anatoli Yurçenkonu Bakıda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfirin Azərbaycanda səmərəli fəaliyyət göstərdiyini, o cümlədən ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsindəki xidmətlərini vurğuladı. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin böyük tarixi olduğunu xatırladan Prezident İlham Əliyev ölkələrimiz müstəqillik qazandıqdan sonra bu münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirdi. Azərbaycan ilə Ukraynanın tərəfdaş ölkələr olduğunu qeyd edən dövlətimizin başçısı ikitərəfli əməkdaşlığın bundan sonra da daim və uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı.
Cənab Anatoli Yurçenko Azərbaycanda səfir işləməsinin çox xoş olduğunu, xüsusilə Prezident İlham Əliyevin dövründə burada diplomatik fəaliyyət göstərməsindən şərəf duyduğunu söylədi. Səfirliyə və şəxsən ona göstərilən xoş münasibətə görə dövlətimizin başçısına minnətdarlıq edən diplomat ümidvar olduğunu bildirdi ki, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.