AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOS “HEYDƏR ƏLİYEV FONDU”NDA OLMUŞLAR
Burada dövlət başçılarını mehribanlıqla qarşıladılar.
Ali qonağa məlumat verildi ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiramın ifadəsi kimi yaradılmış Fondun məqsədi Prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə, ölkəmizin tərəqqisi və Azərbaycan xalqının rifahı naminə ondan istifadə olunmasına xidmət edən genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
Dövlətimizin başçısı İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Stefanopulosu və onu müşayiət edən şəxsləri müxtəlif dövrlərə aid olan və ulu öndər, türk dünyasının böyük oğlu Heydər Əliyevin şəxsi arxivindən götürülmüş eksponatlar barədə məlumat verdi.
Qonaqlar Prezident Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın tanınmış siyasi liderlərinin bağışladıqları hədiyyələrlə, ulu öndərimiz haqqında yazılmış kitablarla tanış oldular, İnternet xətti ilə Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini nümayiş etdirən məlumat bazasına daxil olmaqla, bu müdrik şəxsiyyətin çoxcəhətli ictimai-siyasi fəaliyyəti barədə informasiya almaq üçün yaradılmış otağa baxdılar.
Sonra Yunanıstan Prezidenti Konstantinos Stefanopulos Fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi tarixi bir şəxsiyyətin adını daşıyan Fondda olmağımdan çox şadam. Mən Prezident Heydər Əliyevlə ilk görüşlərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu gün isə Fonda gələrək, bu unudulmaz şəxsiyyəti bir daha yada salır, ona Allahdan rəhmət diləyirəm.
Konstantinos Stefanopulos
Yunanıstan Respublikasının Prezidenti
21 iyun 2004-cü il”.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos xatirə şəkli çəkdirdilər.