AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BERLİN ŞƏHƏR MERİ KLAUS VOVERAYT İLƏ GÖRÜŞÜ
![]() |
![]() |
Mer Klaus Voverayt xüsusi hörmət və ehtiram əlaməti olaraq səhər dövlətimizin başçısının iqamətgahına - “Adlon Kempinski” mehmanxanasına gələrək, nümayəndə heyətləri ilə birgə paytaxtın tarixi “Paris” meydanını gəzdilər. Bu tarixi yerlər barədə dövlətimizin başçısına məlumat verildi. Brandenburq darvazası önündə xatirə şəkli çəkdirdilər. Xatırladaq ki, İknci Dünya müharibəsi zamanı, 1945-ci il mayın 2-də 416-cı Azərbaycan atıcı diviziyasının bölmələri həmin darvazaya döyüş bayrağını sancmışdı.
Gəzintidən sonra Azərbaycan Prezidenti İlham Əliyev Berlin şəhər meriyasına gəldi. Dövlətimizin başçısı əvvəlcə meriyanın fəxri qonaqlar kitabını imzaladı.
Sonra Prezident İlham Əliyev və mer Klaus Voverayt arasında görüş oldu. Berlin şəhərinin meri Azərbaycan Prezidentinə meriyaya gəldiyinə görə dərin təşəkkürünü bildirdi və meriyanın fəxri qonaqlar kitabını imzalamasından çox məmnun qaldığını söylədi. O dedi ki, Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin yeni səviyyəyə qalxmasına təkan verəcəkdir. Mer paytaxtın inkişafı ilə bağlı həyata keçirilən və nəzərdə tutulan tədbirlərdən danışdı. Eyni zamanda bildirdi ki, Azərbaycanda içməli su təchizatı ilə bağlı layihələrin həyata keçirilməsində Almaniyanın nüfuzlu şirkətləri əməkdaşlığa maraq göstərirlər.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, əldə olunmuş nailiyyətlərdən danışdı, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, maşınqayırma və digər sahələrdə ixtisaslaşmış alman şirkətlərini əməkdaşlığa dəvət etdi.
Görüşdə regiondakı vəziyyət barədə fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı bildirdi ki, hazırda ölkəmizdə regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi nəticəsində şəhərdən kəndlərə axın başlamışdır. İndi Azərbaycanın özünün bir çox sahələrə sərmayə qoymaq imkanı var. Bununla belə, nüfuzlu alman şirkətlərinin təcrübəsindən yararlanmaq faydalı olardı.
Prezident İlham Əliyev Berlin şəhərinin merini ölkəmizə səfərə dəvət etdi və dəvət məmnunluqla qəbul olundu.

