AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli cənab Prezident!
Hörmətli dostlar!
İcazə verin, ilk növbədə, bizi Bolqarıstana rəsmi səfərə dəvət etdiyinizə görə öz təşəkkürümü bildirim.
Mən bu səfərə çox böyük əhəmiyyət verirəm və əminəm ki, bu səfərdən sonra bizim əlaqələrimiz daha da möhkəmlənəcək, Bolqarıstanla Azərbaycan arasında olan əməkdaşlıq daha da genişlənəcəkdir. Hörmətli cənab Prezident, Sizin keçən il Azərbaycana etdiyiniz rəsmi səfəriniz iki ölkə arasında əlaqələrin inkişafında çox mühüm rol oynadı. Əminəm ki, həmin səfər çərçivəsində imzalanmış sənədlər və bu gün imzalanmış sənədlər əməkdaşlığın gələcək inkişaf perspektivlərini müəyyən edir. Siyasi, iqtisadi və bütün başqa sahələrdə bizim əlaqələrimiz güclənir.
Avratlantik inteqrasiyaya dair bu gün imzalanmış sənəd çox böyük əhəmiyyət kəsb edir. İki ölkə bu istiqamətdə daha da inamla irəliyə gedəcəkdir. Bu siyasət, Avratlantik məkanına inteqrasiya siyasəti bizi sıx birləşdirir. Eyni zamanda, Bolqarıstan və Azərbaycan dünyanın müxtəlif yerlərində sülhün, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Yəni siyasi müstəvidə bizim mövqelərimiz üst-üstə düşür və bu, bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün çox mühümdür.
Bu gün müxtəlif məsələlər müzakirə olundu və ümid edirəm ki, energetika sahəsində, nəqliyyat sahəsində, iqtisadiyyatın digər sahələrində əldə edilmiş razılaşmalar icra olunacaq və bizim iqtisadi əlaqələrimiz qısa müddət ərzində yeni, yüksək pilləyə qalxacaqdır. İki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir, mal dövriyyəsi ildən-ilə artır. Ancaq bu, ölkələrimizin iqtisadi potensialını əks etdirmir. Hesab edirəm ki, gələcəkdə bu potensialın daha geniş şəkildə işə salınması prosesi çox sürətlə getməlidir.
Siz qeyd etdiniz ki, bizim aramızda çox səmimi dostluq münasibətləri yaranmışdır. Bu da ölkələrimiz arasında gedən dialoqa müsbət təsir göstərir. Ümid edirəm ki, nümayəndə heyətləri arasında da, onların üzvləri arasında da dostluq münasibətləri yaranacaq, möhkəmlənəcək və Bolqarıstanla Azərbaycan arasında bütün sahələrdə sürətlə inkişaf edən əməkdaşlıq daha da genişlənəcəkdir.
Mənə və nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
SUAL: Cənab Pırvanov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün regionun iqtisadi inkişafına böyük zərbə vurduğu nəzərə alınmaqla, bu münaqişənin həlli məsələsində Sizin ölkənizin konkret mövqeyi necədir?
GEORGİ PIRVANOV: Biz bu münaqişənin ağırlığını və ciddiliyini başa düşürük. Demək istəyirəm ki, Bolqarıstan bu məsələyə çox ciddi yanaşır. Bolqarıstan fəal siyasi dialoqun axtarışına, ATƏT çərçivəsində sülh danışıqlarına tərəfdardır.
SUAL: Cənab Əliyev, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Burqas-Aleksandrupolis marşrutu ilə davam etdirilməsi mümkündürmü?
İkinci sualım Bolqarıstan Prezidentinədir. Siz hər iki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsini “böhranlı vəziyyət” kimi qiymətləndirdiniz. Bunun səbəbləri nədir?
İLHAM ƏLİYEV: Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi uğurla davam edir və bu ilin sonuna qədər kəmər istismara veriləcəkdir. Bu kəmərin nəqletmə gücü ildə 50 milyon tona bərabərdir. Nəzərə alsaq ki, Azərbaycanda və Xəzər dənizinin şərqində yerləşən yataqlardan daha böyük həcmdə neft hasilatı gözlənilir, əlbəttə, başqa ixrac marşrutları da nəzərdən keçirilir. Burqas-Aleksandrupolis marşrutu da təhlil olunmuşdur və bu barədə bizim biliklərimiz vardır. Burada iqtisadi amil əsas olacaqdır və bütün tərəflər çalışmalıdır ki, bu marşrut iqtisadi cəhətdən əlverişli olsun.
GEORGİ PIRVANOV: Hörmətli xanımlar və cənablar! Qarşılıqlı münasibətlərimizin inkişafında, ilk növbədə, əmtəə dövriyyəsi sahəsində ciddi dinamika var. Azərbaycan tərəfinin statistikasına görə, bu, yalnız bir neçə milyon dollar təşkil etmişdir, hazırda isə artıq 100 milyon dollara yaxınlaşırıq. Bizim metodika bir qədər fərqlənir və məlumat daha azdır. Lakin dinamika ayrı, həcm isə başqa məsələdir. Ona görə də həm keçmişdəki, həm də builki məlumatlar bizi razı sala bilməz.
Hər iki ölkənin potensialı gördüyümüz işdən xeyli çoxdur. Mən bu məsələnin həllini bir neçə istiqamətdə görürəm. Əvvəla, işgüzar insanlar səviyyəsində informasiya mübadiləsini qaydaya salmaq lazımdır. İkincisi, indiyədək buna əngəl törədən nəqliyyat məsələlərinin həllidir. Mən ölkələrimizin təsisatlarını qınaya bilmərəm, çünki gördüyünüz kimi, çoxlu sənəd imzalanmış, viza rejimi sadələşdirilmiş, səfirliklər açılmışdır. Əməkdaşlığı inkişaf etdirmək üçün biznesə heç nə mane olmur. Prezidentlər bacardıqları qədər kömək etməyə çalışırlar. Sabah cənab Əliyev Bolqarıstanın iri biznesmenləri ilə görüşəcəkdir. Zənnimcə, bunun özü ikitərəfli iqtisadi əməkdaşlıq üçün stimul olacaqdır.