AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, sizə bir daha “Xoş gəlmisiniz!” deyirəm.
Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox uğurla davam edir. Həm təkbətək görüşdə, həm də geniş tərkibdə aparılan danışıqlarda müxtəlif məsələlər - ikitərəfli məsələlər, regional məsələlər müzakirə olunubdur. Müzakirə olunan bütün məsələlərdə bizim mövqeyimiz bir-birinə çox yaxındır. Biz ümid edirik ki, bu səfərdən sonra ölkələrimiz arasında əlaqələr daha da güclənəcəkdir.
Biz iki ölkə arasında aparılan siyasi dialoqun davam etməsində çox maraqlıyıq. Bu gün aparılan danışıqlar deməyə əsas verir ki, Yunanıstanla Azərbaycan arasında bundan sonra bu istiqamətdə yeni ikitərəfli məsələlər ortaya çıxacaq və bu dialoq daha da səmərəli şəkildə aparılacaqdır.
İqtisadi sahədə əlaqələrimiz sürətlə inkişaf edir. Biz Yunanıstan iş adamlarının Azərbaycana böyük marağını görürük, hiss edirik. Bu gün Azərbaycanda keçirilən biznes forum bunun əyani sübutudur. Azərbaycanda bizneslə məşğul olmaq üçün çox gözəl şərait vardır. Çox gözəl sərmayə mühiti vardır. Biz əminik ki, Yunanıstan şirkətləri Azərbaycanda daha fəal işləyəcəklər, birgə layihələr həyata keçiriləcəkdir. Enerji sektorunda aparılan işlər deməyə əsas verir ki, Azərbaycanla Yunanıstan arasında bu istiqamətdə əlaqələr daha da güclənəcəkdir.
Azərbaycanda həyata keçirilən böyük neft-qaz layihələri Yunanıstan tərəfini də maraqlandırır və aparılan danışıqlar nəticəsində ümid edirəm ki, Azərbaycan və Yunanıstan bu sahədə çox səmərəli əməkdaşlıq edəcəkdir.
Danışıqlar əsnasında regional məsələlər də müzakirə olundu. Regionda mövcud olan problemlərə münasibət bildirildi. Biz iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrə də böyük əhəmiyyət veririk. Mən cənab Prezidentə məlumat verdim ki, Bakı Slavyan Universitetində yunan bölməsi fəaliyyət göstərir. Biz çalışacağıq ki, bu sahədə əlaqələr daha da genişlənsin. Əminəm ki, bu səfərdən sonra Yunanıstanla Azərbaycan arasında olan əlaqələr bütün sahələrdə daha da sürətlə inkişaf edəcəkdir.