AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bu gün İran İslam Respublikasının Prezidenti cənab Xatəminin Azərbaycana rəsmi səfəri başlayıbdır. Deyə bilərəm ki, bu səfər çox uğurlu keçir. Həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüşümüzdə geniş fikir mübadiləsi aparılmış, müxtəlif məsələlər müzakirə edilmişdir. İkitərəfli məsələlər, regionda gedən proseslər müzakirə olunmuşdur. Bildiyiniz kimi, İranla Azərbaycan arasında olan münasibətlər uğurla inkişaf edir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra İran Azərbaycanla çox uğurlu əməkdaşlıq edir. Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində biz İranın dəstəyini daim hiss etmişik və bu gün də hiss edirik.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərindən sonra bizim ikitərəfli münasibətlərimizə yeni təkan verilmişdir. Biz çox istəyirik ki, bütün sahələrdə münasibətlərimiz daha da inkişaf etsin, əlaqələrimiz güclənsin. Hazırda İranla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlər inkişafdadır.
Bu gün çox önəmli, böyük əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır. İqtisadi, nəqliyyat, mədəni sahələrdə, energetika, qaz sahəsində çox önəmli sazişlər imzalanmışdır. Bu sazişlərin icrası nəticəsində Azərbaycanda minlərlə yeni iş yeri açılacaqdır. Energetika və qaz sahəsində mübadilə sazişləri bizə imkan verəcək ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi və qazla təmin edə biləcəyik.
Bu gün imzalanan sənədlər iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir və eyni zamanda, siyasi cəhətdən bu sazişlər iki ölkəni daha da yaxınlaşdıracaqdır. Mən əminəm ki, İran İslam Respublikasının Prezidenti cənab Xatəminin Azərbaycana rəsmi səfərindən sonra iki ölkə arasında olan münasibətlər yeni pilləyə qalxacaq və xalqlarımız bir-birinə daha da yaxın olacaqdır.
Mən qeyd etdim ki, bu səfər çox uğurlu başladı. Əminəm ki, uğurlu da davam edəcəkdir. Bu səfərdən sonra İranla Azərbaycan arasında olan münasibətlər daha da güclənəcək, inkişaf edəcəkdir.