AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANIN KEÇMİŞ PREZİDENTİ JELYU JELEVLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda Bolqarıstanın keçmiş Prezidenti Jelyu Jelevlə görüşmüşdür.
Dövlətimizi başçısı İlham Əliyev ilə görüşünü yüksək qiymətləndirən cənab Jelyu Jelev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə şəxsi dostluq əlaqələrindən danışdı. O dedi ki, ölkələrimiz arasında əlaqələrin təməli 1995-ci ildə onun Bolqarıstana səfəri zamanı qoyulmuşdur. Cənab Jelev hazırda ikitərəfli əlaqələrin köhnə təməllər əsasında uğurla davam etdirildiyini və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Bolqarıstana səfərini xatırladaraq dedi ki, Azərbaycanda onun siyasəti bu gün də uğurla davam etdirilir. Bolqarıstanla Azərbaycan arasında iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdirilməsi və ümumiyyətlə əlaqələrin genişləndirilməsi üçün gözəl imkanlar var və bunlardan səmərəli şəkildə istifadə olunacaqdır.