Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, ölkəmizdə gedən iqtisadi islahatlar gözəl nəticə verir və bütövlükdə Azərbaycan son illər ərzində iqtisadi cəhətdən öz potensialını gücləndirmişdir. Ölkəmizin qarşısında duran bütün vəzifələr öz həllini tapır və islahatlar davam edir. 2005-ci il çox uğurlu başlandı və uğurla davam edir. İlin ilk altı ayında iqtisadi artım təxminən 17 faiz səviyyəsində olmuşdur. İqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf edir. Çox sevindirici haldır ki, sənaye potensialının artımı da çox yüksək sürətlə gedir və bu ilin ilk altı ayında 20 faiz olmuşdur. Ölkədə yaradılmış yüz minlərlə yeni iş yeri imkan verir ki, Azərbaycan hərtərəfli inkişaf etsin, iqtisadiyyatımız şaxələndirilsin və gələcəkdə neft amilindən asılı olmasın. Ona görə qeyri-neft sektorunun inkişafı indi bizim üçün prioritet məsələdir və tərtib olunmuş proqramlar uğurla icra edilir. 

Büdcə gəlirləri ildən-ilə artır. 2004-cü ildə büdcəmiz 1 milyard 500 milyon dollar təşkil edirdi. 2005-ci ildə 2 milyard 200 milyon dollar səviyyəsinə çatmışdır. Gələn il isə büdcə gəlirləri kəskin şəkildə artacaq, xəzinəyə əlavə ən azı 1 milyard dollar vəsait daxil olacaqdır.

İnfrastruktur layihələrinin həyata keçirilməsi indi çox vacib məsələdir. Bu il və gələn il ölkəmizdə yeni tikiləcək elektrik stansiyaları, çəkiləcək qaz xətləri, yollar Azərbaycanda infrastrukturu gücləndirəcəkdir. Bu baxımdan, əlbəttə, ölkəmizin su təchizatı da çox önəmli məsələdir.

Bu istiqamətdə keçmişdə böyük işlər görülübdür. 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük, irimiqyaslı layihələr həyata keçirilməyə başladı və bu iş indi də davam edir. Ancaq qarşıya yeni problemlər, yeni məsələlər çıxır. Bakının içməli su ilə təminatı bizi qane etmir. Bu problem şəhərimizdə həmişə, bütün dövrlərdə olubdur. Ancaq son illərdə şəhərimizin genişlənməsi, əhalinin artımı ilə bağlı daha da ciddiləşibdir.

Mənə verilən məlumata görə, Bakıda əhalinin 40 faizi su ilə davamlı olaraq, fasiləsiz təmin olunur, 60 faizi isə cədvəl üzrə su alır. Bu problemlər sizə bəllidir. Yenə də deyirəm, bu, həmişə bizi narahat edən məsələ olubdur. Ancaq gərək bunu həll edək. Bunun həlli yolları da var. Artıq bir müddət bundan əvvəl müvafiq göstərişlər verildi və işlər görülməyə başladı.

Bilirsiniz ki, keçən il “Azərsu” Səhmdar Cəmiyyəti yarandı və demək olar ki, su təsərrüfatının böyük hissəsi onun sərəncamındadır. Bu, bizə imkan verdi ki, həmin sahədə olan pərakəndəliyin qarşısı alınsın. Hər şey bir mərkəzdə birləşməlidir və müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində işlərə cavabdehlik daşımalıdır.

Görülən işlər sırasında Baş Mil-Muğan kollektorunun çəkilişi böyük əhəmiyyət kəsb edir. Kollektorun ikinci hissəsi başa çatmışdır və artıq üçüncü hissənin çəkilməsinə başlanmalıdır. Bu imkan verəcək ki, 806 min hektar sahədən drenaj sularının kənar edilməsi mümkün olsun və 500 min hektarda təkrar şoranlaşmanın qarşısı alınsın. Beləliklə, kənd təsərrüfatı istehsalı təxminən 30-40 faiz artmalıdır.

Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisi də başa çatır. Bu da Naxçıvan üçün çox böyük imkanlar açacaqdır. 3500 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək, 6 min hektar sahədə suvarma sisteminin yenidən qurulması nəzərdə tutulur.

Mən hesab edirəm ki, gələcək illərdə biz su problemlərinə daha da ciddi diqqət göstərməliyik. Bu gün bu məsələlərlə bağlı fikir mübadiləsi, müzakirələr aparacağıq. Hazırda iş gedən Samur-Abşeron suvarma sisteminin tikintisi haqqında məruzələr dinləniləcəkdir. Artıq bu istiqamətdə beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına işlər görülür və biz gərək gələcək işlər haqqında da fikirləşək. Eyni zamanda, bizim üçün yeni olan layihə Oğuz-Qəbələ zonasından çəkiləcək su kəmərinin tikintisi məsələsidir. Bu iki layihə həyata keçsə, Bakının demək olar ki, su problemi aradan qaldırılacaq və uzun illər ərzində şəhərimizin su təminatı yaxşılaşacaqdır.

Yenə də demək istəyirəm ki, bu məsələlər prioritet əhəmiyyət kəsb edir. Ölkəmiz inkişaf edir, bizim maliyyə imkanlarımız artır, büdcəmiz artır. Azərbaycanda həyata keçirilən neft strategiyasının nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi gözlənilir. Ölkəmizə çox böyük həcmdə maliyyə resursları daxil olacaqdır. Belə olan halda, ilk növbədə, əhalini ən çox narahat edən problemlər aradan qaldırılmalıdır. İlk növbədə, elektrik stansiyaları tikilməli və ölkəmizdə enerji qıtlığı aradan qaldırılmalıdır, qaz xətləri çəkilməlidir, yollar salınmalıdır və əlbəttə, hər bir insan üçün ən vacib olan su problemi də öz həllini tapmalıdır.

Bakıda son illər ərzində çoxlu yeni binalar tikilib, müəssisələr işə salınıb, fərdi evlər tikilibdir. Bəzi hallarda qanunsuz tikilib, bəzi hallarda mövcud olan su xətlərinin üzərində tikilib və qeyri-qanuni müdaxilələr baş verir. Bir müddət bundan əvvəl məlumat aldım ki, Hövsan qəsəbəsində demək olar, su böhranı yaranmışdır. Mən dərhal Hacıbala Abutalıbova və Oqtay Əsədova göstəriş verdim ki, bu məsələni araşdırsınlar. Araşdırdılar, gördülər ki, qeyri-qanuni yollarla əsas su kəmərinə müdaxilələr olub və Hövsan susuz qalıbdır. Görülən tədbirlər nəticəsində bütün o qüsurlar aradan qaldırıldı və indi, - mən bu yaxınlarda orada olmuşam, - doqquzuncu mərtəbəyə su verilir. Yəni bu hallar da var. Biz bunlara son qoymalıyıq. Yerli icra hakimiyyəti orqanları bu məsələ ilə gərək ciddi məşğul olsunlar və qeyri-qanuni heç bir iş görülməməlidir. Çünki əgər belə davam etsə, biz nə qədər su kəməri çəksək də, yenə kifayət etməyəcəkdir. Gərək biz burada da qayda-qanun yaradaq.

Beləliklə, bugünkü müşavirə də bu məsələlərə həsr olunub və mən istəyirəm biz məsələlərin müzakirəsinə keçək.

X              X              X 

“Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti OQTAY ƏSƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Bu müşavirə həyati əhəmiyyətli bir məsələ olan su təchizatının yaxşılaşdırılmasına həsr olunmuşdur. Bu sahəyə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın qəlbindəəbədi yaşayan ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş iqtisadi inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir.

Ölkənin sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində su sektoruna göstərilən qayğı bu sahədə yaranmış problemlərin həll edilməsində böyük rol oynayır. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli Prezident sərəncamı ilə “Azərsu” Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra  mövcud çətinlikləri aradan qaldırmağa kömək məqsədi ilə bizə dövlət büdcəsindən 78 milyard manat vəsait ayrıldı.

  1. Əsədov perspektiv inkişafı nəzərə alınaraq, Bakı şəhərinin fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üçün dövlətimizin başçısının göstərişi ilə “Azərsu” tərəfindən təkliflər hazırlandığını bildirdi və paytaxtın su təchizatı mənbələri haqqında məlumat verdi. O dedi ki, Bakı şəhərinə su dörd mənbədən gəlir. Şollar su kəməri 1911-1917-ci illərdə tikilmişdir. 180 kilometr məsafədən öz axımı ilə Bakı şəhərinə saniyədə 1,25 kubmetr su gətirilir. 1936-1958-ci illərdə tikilmiş ikinci Bakı su kəməri 170 kilometr məsafədən öz axımı ilə saniyədə 2,73 kubmetr su gətirilir. Samur-Abşeron kanalından su alan Ceyranbatan su hövzəsinin tutumu 180 milyon kubmetrdir və oradan 100 kilometrlik magistral boru xətləri ilə anbarlara su gətirilir. Bu qurğular otuz il əvvəl təhvil verilmişdir. Dördüncüsü, saniyədə 9,5 kubmetr su verən Kür su kəmərləridir. Bunlar böyük su qıtlığı olan 1970-ci illərdə iki mərhələdə (birinci Bakı-Kür su kəmərləri və ikinci Bakı-Kür su kəmərləri) ulu öndərimiz tərəfindən, onun birbaşa rəhbərliyi ilə çəkilmişdir. 150 kilometrlik ilk xətt 1971-ci ildə ilyarım ərzində tikilmiş və onunla Bakı şəhərinə saniyədə 4 kubmetr su gətirilmişdir.

1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində bütün sahələrdə olduğu kimi, su təchizatında da böyük problemlər yaranmışdı. Su təchizatında elə bir vəziyyət idi ki, mənbələrdən suyu Bakıya gətirmək mümkün deyildi. Çünki nasosların çoxu sıradan çıxmışdı, təmizləmə qurğuları olduqca bərbad vəziyyətdə idi. Yəni mövcud su təchizatı sistemi dağılmaq ərəfəsində idi. 

Ulu öndərimiz Heydər Əliyevin səyləri, onun nüfuzu sayəsində MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycana Böyük Bakı su təchizatının bərpası üçün 94 milyon dollar kredit ayrıldı. Bu kredit Azərbaycan hökumətinə ilk 10 il güzəştli olmaqla, 35 il müddətinə 0,7 faizlə verildi. Həmin kreditin hesabına mövcud sistemlər qorunub saxlanıldı, iki böyük təmizləmə qurğusu - Kür və Ceyranbatan qurğuları tamamilə yenidən quruldu, 366 ədəd məhəllədaxili nasos yenidən quruldu, hər biri 2500-3000 kilovatlıq 25 regional nasos stansiyası tamamilə təmir olundu. Beləliklə, 1998-1999-cu illərdə su təchizatı müvəqqəti nizamlandı.

Natiq Bakının su təchizatının hazırkı real vəziyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, magistral su kəmərlərinin və qurğuların əksəriyyətinin istismar müddəti qurtarmışdır. Son vaxtlar paytaxtda tikilən fərdi evlər mənzillərə içməli su verilməsində ciddi çətinliklər yaradır. Ceyranbatandan Bakının qərb zonasına - Hövsan, Bakıxanov, Sabunçu qəsəbələrinə və Günəşli yaşayış massivinə iki xətlə su gətirilir. Bu xətlərin üzərində 35 minə qədər fərdi ev tikilmişdir. Onlar hətta suvarma üçün istifadə edirlər. Biz bunun qarşısını ala bilmirik. Həmin evlərdə təxminən 125 min adam yaşayır və 600 min adamın suyunu istifadə edirlər. Bakının magistral xətlər keçən digər yerlərində də fərdi ev tikmək üçün bələdiyyələr tərəfindən torpaq verilir. Yəqin ki, biz bələdiyyələrlə çox zəif işləmişik. Bundan sonra onlarla əlaqələri möhkəmləndirəcəyik ki, bizimlə razılaşdırmadan torpaq sahəsi ayırmasınlar.

Cənab Prezident, ümumiyyətlə, iki il ərzində 90 minə yaxın fərdi ev tikilmişdir. Sizin tapşırığınızdan sonra biz Bakıxanov qəsəbəsində tədbirlər gördük, xətləri kəsəndən sonra hündürmərtəbəli evlərin hamısına su çıxdı. Belə problemlər var, bunları bilirik. Su itkisinin bir səbəbi də var. Bakıda 20-30 il əvvəl tikilmiş 88 minə yaxın bina var. Bu binaların zirzəmilərindəki boruların 30 faizdən çoxunun istismar müddəti qurtarır, 2-3 ilə digər borular sıradan çıxa bilər. Biz suyu nə qədər versək də, çatdıra bilmirik. Əgər mümkün olsa, şəhər daxilindəki köhnə binaların zirzəmilərində yerləşən boruların dəyişdirilməsinə kömək göstərilsin.

İLHAM ƏLİYEV: Buna kompleks şəkildə baxmalıyıq. Bakıya kifayət qədər su gətirilməlidir, eyni zamanda, itkilər azalmalıdır və bütün nöqsanlar aradan qaldırılmalıdır. Xətlər yeniləşməlidir, qeyri-qanuni müdaxilələrə son qoyulmalıdır, qanunsuz bir dənə də ev tikilməməlidir. Yəni bu məsələ təkcə sizdən asılı deyil, bununla bütün müvafiq orqanlar məşğul olmalıdır. Biz elə etməliyik ki, Bakıda su problemi aradan qaldırılsın. Bizim məqsədimiz budur.

Əgər biz yalnız su kəmərini çəksək, qalan işləri görməsək, heç bir faydası olmayacaqdır.

OQTAY ƏSƏDOV: Tamamilə doğrudur. Sizin dediyiniz kimi, Bakıda əhalinin 40 faizi su ilə tam təmin olunur. Mənzil istismar sahələrinə məxsus binaların hamısı su alır. Şollar xətti və ikinci Kür xətti çəkiləndə Bakı şəhərində 400 min kubmetr su tutan anbarlar var idi. Ancaq indi yeni xətlərimiz var, suyun həcmi artıbdır. Anbarların su tutumu isə cəmi 1 milyon kubmetrdir. Sutkada Bakıya 1 milyon kubmetr su veririk, bir o qədər də tutumu olan anbarlarımız var. Bu, heç bir normativə uyğun gəlmir. Biz 2015-ci ilədək perspektivi hesablamışıq. Bu sxemdə qırmızı rənglə göstərilənlər gələcəkdə tikiləcək anbarlar, göy rəngdəkilər isə mövcud anbarlardır. İllərlə plana salınıb çıxarılmış, tikintisi yarımçıq qalmış 400 min kubmetrlik anbarlar da var. Sizin köməyinizlə biz onları təmir edirik. Yəni 2-3 il ərzində 400 min kubmetrlik su anbarlarının yenidən qurulmasını nəzərdə tutmuşuq.

İLHAM ƏLİYEV: Kəmər çəkilənə qədər bütün bu işlərin hamısı, - anbarların, su xətlərinin, binadaxili xətlərin təmiri, - görülməlidir.

OQTAY ƏSƏDOV: Biz şəhər icra hakimiyyəti ilə danışmışıq. Hazırda bizə Bakının hündür hissələrində anbar tikmək üçün 12 hektar torpaq verilibdir. Heç olmasa, 2 günlük su ehtiyatımız olmalıdır.

Oğuz-Qəbələ xəttinə gəldikdə, 2002-ci ilin dekabrında keçirilən müşavirədə ümummilli liderimiz Heydər Əliyev bizə və hökumətə tapşırıq verdi ki, bu barədə fikirləşmək lazımdır. Artıq vaxt gəlib çatıb, Bakıya bulaq suyu gəlməlidir. O gündən və Sizin tapşırığınızdan sonra biz bu layihə üzərində işləyirik və iki proqram hazırlanmışdır. Birincisi, 285 kilometr uzunluğunda Oğuz-Qəbələ xəttidir və Ucar-Kürdəmirədək gəlir. İkincisi isə, 235 kilometr uzunluğunda İsmayıllı-Ağdaş istiqamətindəki xətdir.

İLHAM ƏLİYEV: Ağsu.

OQTAY ƏSƏDOV: Bəli, Ağsu. Bunların üzərində iş gedir. Bakı şəhəri ilə Oğuz-Qəbələ arasında hündürlüyün səviyyəsi 500 metrdir. Biz bu layihənin üzərində işləyəndə Çexiyanın “Çexenerji” firmasının nümayəndələrini dəvət etmişdik. Bu arada hər bir marşrut üzərində 4 ədəd kiçik elektrik stansiyası qura bilərik. Onsuz da, bu stansiyalar lazımdır. Çünki hündürlük çoxdur, marşrut boyunca suyun təzyiqini azaldan qurğular qoymalıydıq. Onların da qiyməti bahadır. Onların əvəzinə, 14 meqavat gücündə 4 kiçik elektrik styansiyası quraşdırırıq.

İLHAM ƏLİYEV: Hər birinin gücü, yoxsa?..

OQTAY ƏSƏDOV: Dördünün birlikdə, hər biri 3,5 meqavatdır. Çünki bu xətt yüksəktəzyiqli xətdir.

İLHAM ƏLİYEV: Nasos stansiyası lazım deyildir.

OQTAY ƏSƏDOV: Heç bir nasos stansiyasına ehtiyac yoxdur. Su öz təzyiqi ilə gələcəkdir. Qurğular ona görə qoyulur ki, təzyiqi aşağı sala bilək. Cənab Prezident, bu deyilənlər təxminidir, texniki cəhətdən də hazırlamışıq.

Sizin tapşırığınızla bu suyun keyfiyyəti Fransada və bizim laboratoriyalarımızda yoxlanıldı. Fransa tərəfindən sertifikat verildi ki, bu, yüksək keyfiyyətli içməli sudur. Bütün beynəlxalq göstəricilərə cavab verir.

İLHAM ƏLİYEV: Yəni bu, bulaq suyudur.

OQTAY ƏSƏDOV: Bəli, bulaq suyudur.

İLHAM ƏLİYEV: Siz orada quyular qazmalıydınız.

OQTAY ƏSƏDOV: Orada köhnə quyular da var. Amma yeniləri qazılır, iş gedir.

İLHAM ƏLİYEV: Oradakı su mənbəyinin həcmi təsdiq olunmalıdır.

OQTAY ƏSƏDOV: Bəli, təsdiq olunmalıdır.

HÜSEYNQULU BAĞIROV (ekologiya və təbii sərvətlər naziri): Cənab Prezident, ümumiyyətlə, kəşfiyyat nəticəsində suyun lazımi miqdarda mövcudluğu ehtimal olunur. Bilirik ki, su var, amma dəqiq məlumat vermək üçün quyuların qazılması davam etdirilir.

OQTAY ƏSƏDOV: Biz danışıqlar aparmışıq, quyuların qazılması üçün xarici firmadan gəlib bizim Geologiya İnstitutunun işi ilə tanış oldular. Lazım olan işləri bizimlə birlikdə davam etdirəcəklər.

İLHAM ƏLİYEV: Məni maraqlandıran məsələ odur ki, bu kəmər qısa müddətdə və ən yüksək standartlara uyğun tikilməlidir. Bunu tikmək üçün kredit axtarmaq lazım deyildir, çünki bizim maliyyə imkanlarımız var. Biz öz maliyyə resurslarımızı bu işə yönəltməliyik. Siz də bunu icra etməlisiniz. Gərək bunun çox müfəssəl, elmi əsaslarla layihəsi işlənilsin. İndi burada bizim elmi tədqiqat institutlarının nümayəndələri də var, mən onlara söz verəcəyəm. Bu, beynəlxalq səviyyəli bir layihə olmalıdır və siz bunu qısa müddət ərzində icra etməlisiniz. Bunu etmək üçün Prezident və ya Nazirlər Kabineti tərəfindən əlavə nə kimi tədbirlər görmək, göstərişlər vermək lazımdırsa, yaxud hansısa qərarları qəbul etmək lazımdırsa, sən bunları de və bununla da yekunlaşdıraq.

OQTAY ƏSƏDOV: Cənab Prezident, ilk növbədə, bizə texniki əsaslandırma işləri üçün 2 milyon dollara yaxın vəsait lazımdır. Beynəlxalq müsabiqə keçirmək üçün bütün müddətlər hesablanmışdır. Əgər bu ildən başlasaq, 2008-ci il aprelin 30-dək təhvil verə bilərik.

İLHAM ƏLİYEV: Biz gərək bunu edək. Gərək bu il başlayaq. Nə qədər vəsait lazımdırsa ayıraq ki, işlərə başlansın. Əlbəttə, yəqin əsas kapital qoyuluşu gələn ilə nəzərdə tutulur. Siz bunun faktiki tikintisinə gələn il başlamalısınız.

OQTAY ƏSƏDOV: 2006-cı ilin oktyabrında başlanıb 18 ay müddətində qurtaracaqdır.

İLHAM ƏLİYEV: Borular gətirilməlidir. Bizim təcrübəmiz də var. Biz o cür nəhəng neft kəmərini qısa müddət ərzində tikdik. Bu kəmər ondan az əhəmiyyət daşımır. O kəmərlə Azərbaycanın nefti dünya bazarlarına çıxarılacaq və vəsait gələcəkdir. Bu vəsaitdən də istifadə edilməklə Bakıya içməli su gətirilməlidir. Bu, çox gözəl rəmzi xarakter daşıyır. Ona görə, siz işlərinizi elə qurun ki, qısa müddət ərzində işə başlayaq. Maliyyə problemi olmayacaqdır. Amma gərək hər şey dəqiq hesablansın, texniki-iqtisadi əsaslandırma təqdim olunsun, baxılsın, müzakirə edilsin. Müvafiq qurumların iştirakı ilə geniş müzakirə aparılmalıdır. Eyni zamanda, alimlər də öz sözünü deməlidirlər ki, biz kəməri qısa müddət ərzində və keyfiyyətlə istismara verək. O tikilənə qədər gərək Bakının bütün su təsərrüfatı - əsas xətlər, anbarlar, binadaxili xətlər, infrastruktur yeniləşsin ki, kəmər istismara veriləndə hər şey hazır olsun. Əlbəttə, bunu etmək üçün maliyyə mənbələri lazımdır və o da var. Təkcə o qalır ki, siz bu işləri texniki cəhətdən keyfiyyətlə və qısa müddət ərzində görəsiniz.

X X X

Sonra çıxış edən Su Kanal Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini ƏHMƏD MƏMMƏDOV dövlətimizin başçısına müraciətlə dedi ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanda iqtisadi inkişafın möhkəm təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda Sizin rəhbərliyiniz altında müvəffəqiyyətlə davam etdirilir. Bu strategiyanın tərkib hissəsi olan su təchizatı sahəsi də Sizin böyük diqqət və qayğınız sayəsində özünün inkişaf mərhələsinə qədəm qoymuşdur.

Natiq respublikamızda içməli su ehtiyatları, o cümlədən Alazan-Əyriçay vadisinin, Oğuz-Qəbələ zonasının yeraltı su ehtiyatları barədə məlumat verərək bildirdi ki, uzun illər ərzində ölkəmizdə su ehtiyatlarının öyrənilməsi ilə müxtəlif nazirliklər, komitələr, institutlar və eləcə də görkəmli alimlər məşğul olmuşlar. Mərhum akademik Həsən Əliyev hələ 1970-ci illərdə Oğuz-Qəbələ zonasının yüksək keyfiyyətə malik yeraltı su ehtiyatlarından Bakı şəhərinin su təchizatında istifadə olunmasını təklif etmişdi. Bu ərazidə formalaşmış yeraltı sulardan Bakı şəhərinin təchizatı üçün istifadə edilməsinə dair təkliflər respublikanın tanınmış mütəxəssislərinin elmi cəhətdən əsaslandırılmış fikirlərinə söykənmişdir.

Bu zonanın yeraltı sularından istifadənin strateji baxımdan daha etibarlı olduğu nəzərə alınaraq, keçmiş SSRİ Geologiya Nazirliyi tərəfindən su ehtiyatlarının öyrənilməsi ilə bağlı 1950-ci illərdə ilk tədqiqat işləri aparılmağa başlanmışdı. Aparılmış işlərin ilkin nəticələri Alazan-Əyriçay zonasında istismar oluna bilən su ehtiyatlarının 17,4 kubmetr/saniyə olduğunu göstərmişdir. Alınmış məlumatlar SSRİ Geologiya Nazirliyinin 1969-cu ildə çap etdirdiyi və Azərbaycan SSR-ə həsr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. Sonrakı illərdə bu zonada yeraltı suların ehtiyatlarının dəqiqləşdirilməsi və keyfiyyətinin öyrənilməsi ilə bağlı Azərbaycan SSR Geologiya İdarəsinin hidrogeoloji ekspedisiyası tərəfindən geniş tədqiqat işləri aparılmışdır. Bu tədqiqatların nəticəsində hazırlanmış monoqrafiyada Alazan-Əyriçay vadisində istismar oluna bilən su ehtiyatlarının 44,2 kubmetr/saniyə olduğu göstərilmiş və bu suyun yüksək səviyyəli içməli su standartlarına uyğun gəldiyi təsdiq edilmişdir. Hazırda bizim istifadə etmək istədiyimiz Oğuz-Qəbələ ərazisinin yeraltı su ehtiyatlarının dəqiqləşdirilməsi ilə bağlı Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri Ə.Şəkinskinin rəhbərliyi ilə də geniş tədqiqat işləri aparılmış və burada ehtiyatların 15 kubmetr/saniyə olduğu müəyyən edilmişdir.

Ə.Məmmədov Oğuz-Qəbələ zonasında içməli su ehtiyatının kifayət qədər olduğunu və keyfiyyətinin müvafiq normalara uyğunluğunu konkret faktlarla əsaslandıraraq dedi ki, yeraltı suların ehtiyatının tükənməzliyini və istismar zamanı ətraf mühitin ekoloji tarazlığının pozulmayacağını, istismarının ucuz başa gələcəyini nəzərə alaraq, bu mənbədən Bakı şəhərinə su kəmərinin çəkilməsini məqsədəuyğun hesab edirik.

İLHAM ƏLİYEV: Su var, keyfiyyətli sudur və böyük həcmdədir.

ƏHMƏD MƏMMƏDOV: Bəli, böyük həcmdədir.

İLHAM ƏLİYEV: Yəni siz buna elmi cəhətdən şübhə etmirsiniz.

ƏHMƏD MƏMMƏDOV: Xeyr.

İLHAM ƏLİYEV: Aparılan tədqiqat işləri bunu sübut edir.

ƏHMƏD MƏMMƏDOV: Bəli, indiyə qədər görülmüş tədqiqat işləri bunu sübut edir. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə işləri davam etdirir.

İLHAM ƏLİYEV: Sizin işləriniz nə vaxt başa çatacaq?

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, cədvəl var, işlər elə qurulub ki, həm də vəsaitə qənaət olunur. Layihəni hazırlayan şirkətlə razılaşdırılıbdır ki, işlər ayrı-ayrı görülməsin. Yəni quyular dəqiq qazılsın ki, əlavə qazmaya ehtiyac olmasın.

Cədvələ uyğun olaraq işlər elə görülür ki, ümumi prosesə mane olmasın. Bəzi məsələlər var ki, uzunmüddətli müşahidə tələb edir. Yəni biz əminliklə bilək ki, yerdəyişmə olmadı və uzunmüddətli ehtimalımız praktikada təsdiq olunur. Bu işlərin sonuncusu 2006-cı ilin dekabrına qədər görülməlidir. Amma işə başlamaq üçün lazım olan sənədləri biz 2006-cı ilin yanvarında təqdim edəcəyik. Hazırda bütün texnika cəlb olunub, 33 fəhlə çalışır, qısa müddətdə işçilərin sayı 76-ya çatdırılacaqdır. Eyni vaxtda üç quyu qazılır. Nəzərdə tutulan plan yerinə yetiriləcəkdir.

Kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru ƏHMƏD ƏHMƏDZADƏ çıxışında vurğuladı ki, bu gün iki böyük layihənin müzakirəsi sübut edir ki, Prezidentimiz cənab İlham Əliyev həqiqətən respublikada xalq təsərrüfatının bütün sahələrinin hərtərəfli inkişafına böyük diqqət, qayğı göstərir. O cümlədən su təsərrüfatının meliorasiya sahəsinə olan diqqəti və qayğını sübut edir. Ona görə, mən respublikanın bütün kənd əməkçiləri adından, bütün su təsərrüfatı işçiləri adından Prezidentimizə minnətdarlığımı bildirirəm.

Azərbaycan ta qədimdən suvarma əkinçiliyi ölkəsi olubdur. Hələ inqilabdan əvvəl, keçən əsrin əvvəllərində Azərbaycanda 500 min hektara yaxın suvarılan torpaqlar olub və Azərbaycan xalqı onun hesabına məhsul götürüb, yaşayıbdır. Amma meliorasiya və su təsərrüfatı sahəsindəki ən böyük inkişaf ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf edir. Həmin dövrdə meliorasiya və su təsərrüfatının potensialı iki dəfəyə yaxın artırılıb, bu sahəyə kapital qoyuluşu sovet hakimiyyətinin əvvəlki 50 ilində qoyulan kapitaldan iki dəfə artıq olubdur. O illərdə yüzlərlə böyük hidrotexniki qurğu tikilib, suvarma kanalları, kollektor-drenaj şəbəkələri çəkilib istifadəyə verilibdir. Bunun sayəsində də respublika kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər qazanıbdır.

Ancaq onu da bilirik ki, ulu öndərimizin yaratdıqları sonradan respublikanın səriştəsiz rəhbərləri tərəfindən pis vəziyyətə salınmışdı, hər sahədə olduğu kimi, meliorasiya və su təsərrüfatında da böhranlı vəziyyət hökm sürürdü. 1993-cü ildə xalqın tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində bu sahədə də böhran aradan qaldırıldı və bizə xalqın mənafeyi naminə birinci növbədə mövcud meliorasiya potensialından, suvarma potensialından istifadə etmək tapşırıldı. Bu sahədə böyük işlər gördük və əvvəllər yaradılmış potensialı qoruyub saxladıq. Mən cəsarətlə deyirəm, keçmiş SSRİ respublikaları içərisində Azərbaycan yeganə ölkədir ki, su təsərrüfatı, meliorasiya obyektləri tamamilə qorunub saxlanıldı və bu gün xalqın istifadəsindədir. Bu da ancaq Heydər Əliyevin xidmətidir. Amma o, təkcə olanı qoruyub saxlamaqla kifayətlənmirdi. Eyni zamanda, xarici sərmayələr və çətinliklərə baxmayaraq, büdcənin müəyyən imkanları hesabına bu sahənin inkişafına diqqət yetirirdi.

1994-cü ildə ulu öndərimiz Heydər Əliyev Ciddədə olarkən İslam İnkişaf Bankı 280 min dollar qrant ayırdı ki, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxemi işlənilsin. Eyni zamanda, Mil-Muğan kollektorunun tikintisinə 9,8 milyon dollar ayırdı. Bu, İslam aləminin bizim ulu öndərimizə olan böyük qayğısı, diqqəti və hörmətinin nəticəsi idi. Əslində, o vaxt sənədlər İslam İnkişaf Bankına tam şəkildə təqdim olunmamışdı. Amma ulu öndərimiz orada olanda Bankın rəhbərliyi ona hədiyyə kimi bu iki layihəni başlamağa vəsait vermişdi. Verilən qrant hesabına biz Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin sxemini işlədik. Bu, respublika hökuməti tərəfindən bəyənildi və onun icrasına başlanıldı.

Kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru Əhməd Əhmədzadə son on ildə görülən işləri xəritələr vasitəsilə ətraflı diqqətə çatdırdı. Azərbaycanda suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanmasına dair Dünya Bankının maliyyələşdirdiyi “İrriqasiya-1” layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusar rayonlarında təsərrüfatlararası kanalların yenidən qurulduğunu, Baş Mil-Muğan kollektorunun sonuncu hissəsinin tikintisinin uğurla davam etdiyini bildirdi. İslam İnkişaf Bankının vəsaiti hesabına Xanarx kanalının tikintisinin də müvəffəqiyyətlə davam etdiyini və dövlətimizin başçısının bu bölgəyə səfəri zamanı görülən işlərə verdiyi yüksək qiymətdən ruhlanan sifarişçi və inşaatçıların həmin layihəni bu ilin sonuna qədər yekunlaşdırmaq əzmi ilə çalışdıqlarını vurğuladı. O, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması çərçivəsində həyata keçirilən kompleks və silsilə tədbirlərin aqrar islahatların daha da dərinləşməsinə, regionların sosial-iqtisadi inkişafına dəyərli töhfə olduğunu əsaslandırdı. Azərbaycan-Rusiya sərhədindəki, tamamilə yenidən qurulan Samur Baş Suqəbuledicinin həlledici rolunu vurğuladı, bu layihə çərçivəsində yaradılacaq və Ceyranbatan su anbarından da xeyli böyük olacaq yeni su anbarının müstəsna əhəmiyyətini xatırlatdı. Agentliyin rəhbəri dedi ki, hazırda biz Bakıya gələn suyun 53 faizini Ceyranbatandan, 18,8 faizini Şollar kəmərindən 28-29 faizini Kür su kəmərlərindən götürürük. Amma paylayıcı sistem işə düşəndən sonra Bakıya saniyədə əlavə 18 kubmetr su veriləcək və bu, paytaxtın həm də Sumqayıtın, ümumən Abşeron yarımadasının su təchizatında çox böyük müsbət rol oynayacaqdır.

Dünya Bankının krediti hesabına icrasına başlanılan Azərbaycan suvarma-paylayıcı sisteminin və onun idarə olunmasının təkmilləşdirilməsi, “İrriqasiya-2” layihəsinin və həyata keçirilən digər mühüm tədbirlərin də geniş təhlilini verən Ə.Əhmədzadə beynəlxalq ekspertlərin, mütəxəssislərin azərbaycanlıların ən müasir standartlar səviyyəsində inşa etdikləri hidrotexniki tikililəri də çox yüksək qiymətləndirdiklərini bildirdi.

Xanarxın tikintisi İslam Bankının krediti, ilk 50 kilometrlik hissənin və baş qolun tikintisi Dünya Bankının krediti, 44 kilometrlik su kanalı Səudiyyə İnkişaf Fondu, İslam Bankı və digər fondların krediti hesabına aparılır. Sonrakı mərhələnin maliyyə mənbəyi hələ müəyyənləşdirilməyibdir. Bu barədə Sizin qərarınıza ehtiyac var. Bu tikintinin iqtisadi səmərəliliyi çox yüksəkdir. Yaponiya, Amerika, İngiltərə, Almaniya və Türkiyənin firmaları tikintidə məsləhətçi kimi iştirak edirlər. Bal sistemi ilə götürdükdə, Azərbaycanda birinci yerdə duran obyektlər Samur-Abşeron kanalının, ikincisi Mil-Muğan kollektoru, üçüncüsü Vayxır su anbarının tikintisidir. Bu üç obyektin hər birinin tikintisinə ulu öndərimizin vaxtında başlanılıb və Sizin dövrünüzdə davam etdirilir. Xahiş edərdik ki, tikintinin gələcəkdə də irəli getməsinə kömək edəsiniz. Diqqətinizə görə sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun. Bu müşavirəni ona görə aparıram ki, həm sizə dəstək verim, həm də işlər daha sürətlə getsin. Çünki bunlar çox vacib işlərdir.

Samur-Abşeron kanalının tikintisinin neçə faizi başa çatıbdır?

ƏHMƏD ƏHMƏDZADƏ: Vəsait hesabı ilə götürəndə, azdır. Çox hissəsi qalır.

İLHAM ƏLİYEV: Bəs görülən işlər baxımından?

ƏHMƏD ƏHMƏDZADƏ: Tələb olunan tikinti-quraşdırma işləri 360 milyon dollar səviyyəsindədir. Layihənin başqa komponentləri də var.

İLHAM ƏLİYEV: Maliyyə tərəfini demirəm. Praktiki görülmüş tikinti işlərini deyirəm.

ƏHMƏD ƏHMƏDZADƏ: 30 faiz görülübdür.

İLHAM ƏLİYEV: 30 faizi görülüb və görüləcək işlərə maliyyə mənbələri də var.

ƏHMƏD ƏHMƏDZADƏ: Bəli, maliyyə mənbələri var. Tikintinin başlandığı hissədə vəziyyət çox bərbad idi. Elə işlər var idi, gərək əvvəlcə onları görəydik ki, kanalın özünü tranzit kimi təmir-bərpa edə bilək. Əsas ağır işləri, demək olar, görmüşük. İndi tikinti Azərbaycanın öz daxilində daha sürətli gedə bilər. Əgər tikintini kompleks şəkildə davam etdirə bilsək, 5 min iş yeri açılacaqdır.

İLHAM ƏLİYEV: İlkin maliyyə, demək olar ki, bu layihənin tamamilə həyata keçirilməsinə imkan yaratmırdı. Çünki maliyyə resursları ancaq bir hissə üçün nəzərdə tutulubdur. Elədir?

ƏHMƏD ƏHMƏDZADƏ: Bəli, elədir.

İLHAM ƏLİYEV: Amma əgər biz indi bu işləri davam etdirsək, əlavə maliyyə resursları lazım olacaqdır. Onu da gərək büdcədə nəzərdə tutaq, yaxud da maliyyə qurumlarına müraciət edək ki, kreditlər ayrılsın. Əgər kreditlərin ayrılması çox vaxt apararsa, onda gərək öz daxili imkanlarımız hesabına vəsait tapaq. Siz təklif edirsiniz ki, borular düzülsün, onda bu, Samur-Abşeron kanalı yox, Samur-Abşeron su kəməri olacaqdır.

ƏHMƏD ƏHMƏDZADƏ: Tamamilə doğrudur. Taxtakörpü su anbarından 3,6-3,8 diametrli borularla iki qoşa xətt gəlir. Bu da itkilərin qabağını alır, həm də işi sürətləndirmək olar.

İLHAM ƏLİYEV: Əgər biz maliyyə məsələlərini həll etsək, bu layihə neçənci ildə icra oluna bilər?

ƏHMƏD ƏHMƏDZADƏ: 2008-ci ildə əsasən qurtarmaq olar. Amma 2009-cu ildə tamamlaya bilərik. Çünki su anbarının tikintisinin texnologiyası tələb edir ki, onu 2009-cu ildə qurtaraq. Amma bir hissəsini təhvil vermək olar.

İLHAM ƏLİYEV: Onun su tutumu nə qədər olacaq?

ƏHMƏD ƏHMƏDZADƏ: 268 milyon kubmetr.

İLHAM ƏLİYEV: Yəni Ceyranbatan su anbarından daha da çox.

ƏHMƏD ƏHMƏDZADƏ: Bəli. Özü də bunun hamısı dağ sularıdır, Azərbaycanın özünün su ehtiyatlarından istifadəyə imkan verir. Milyard yarım kubmetr həcmində suyun istehsalına imkan yaradır və hər kilometrə birdəfəlik qoyulan xərc 30 sentdən az edir. Amma gələcəkdə istismar tədbirlərinə manatla götürəndə, hər kubmetrə cəmisi 3 manat sərf ediləcəkdir. Yəni çox ucuzdur. Bundan əlavə, ildə 5-6 milyon dollarlıq elektrik enerjisi də istehsal olunacaqdır. İqtisadı cəhətdən çox səmərəli, əlverişli layihədir.

X X X

Sonra çıxış edən “Dövlətsulayihə” İnstitutunun direktoru RAHİB ƏLİYEV dedi ki, respublikamızda əkinə yararlı 4 milyon 200 hektar torpağın 3 milyon 200 hektarı suvarma tələb edən sahələrdir. Əgər suvarma məsələsi həll olunmasa, həmin torpaqlardan məhsul götürmək mümkün deyildir. Götürülsə də, 10-15 faizdən çox olmaz. İndi 1 milyon 450 min hektar sahə suvarılır. Bundan ötrü 50 min kilometr su kanalları, 30 min kilometr kollektor-drenaj şəbəkəsi çəkilib. 110 min müxtəlif hidrotexniki qurğu, 5 milyon kubmetr su tənzimi olan 120 su anbarı istifadəyə verilibdir. Bunların hamısının layihəsi bizim institut tərəfindən hazırlanmışdır.

1970-82-ci illərdə respublikamızda suvarılan torpaqların sahəsi 400 min hektar artmışdı. Möhtərəm Prezident, əgər bunu pula çevirsək, deyə bilərik ki, 1,5 milyard dollarlıq iş görülmüşdü. Sonrakı dövrlər hamınıza məlumdur. Bizim sistemdə əsas ana kanallar, böyük hidrotexniki qurğular indiki Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sərəncamında olduğu üçün hamısı qorunub saxlanılmışdır. Amma kolxozların, sovxozların balansında olan drenaj su şəbəkələri, suvarma şəbəkələri, hamısı dağılıb gedirdi.

Sonra natiq Samur-Abşeron kanalının layihəsinin elmi cəhətdən yüksək səviyyədə hazırlanması ilə bağlı rəhbərlik etdiyi institutun üzərinə düşən vəzifələrin icrası barədə məlumat verdi, xarici mütəxəssislərlə birgə layihə üzərində aparılan işlərdən danışdı. Bu sahəyə dövlət səviyyəsində diqqət yetirilməsinə görə razılığını bildirərək dedi ki, cənab Prezident, meliorasiya sahəsində işləyən bütün alimlərimizin, kollektivimizin adından Sizə təşəkkür edirəm ki, vaxt tapıb bu məsələyə baxmısınız.

Respublikamız gündən-günə inkişaf edir, vəziyyət yaxşılaşır. Sizin bütün çıxışlarınızı dinləyir, rayonlara səfərlərinizi izləyirik. Biz çox arzu edərdik ki, yaxın zamanlarda açıq suvarmadan damcı suvarmasına, kökaltı suvarmaya, yağış üsullu suvarmaya keçməyə imkanımız olsun. Çünki xaricə gedəndə bizə deyirlər ki, belə suvarma üsulları var. Mən də layihəni çıxarıb göstərmişəm ki, biz 17 il əvvəl bunu hazırlamışıq, amma tikməyə imkanımız olmayıbdır.

Mən kollektivimizin adından Sizə bir daha cansağlığı arzu edirəm. İstərdik, bu məsələlərin həllində bizə kömək edəsiniz. Diqqətinizə görə çox sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur