AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİXAEL ZUKKOV FONDUNUN PREZİDENTİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda Almaniyanın Mixael Zukkov Fondunun prezidenti Mixael Zukkov ilə görüşmüşdür.Azərbaycanda ekologiya sahəsində dövlət siyasətinin yüksək səviyyədə aparıldığını və Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyini vurğulayan Mixael Zukkov ölkəmizdə Fondun iştirakı ilə ekologiyanın və təbiətin qorunması ilə əlaqədar həyata keçirilən layihələr haqqında danışdı.
Azərbaycan Prezidenti İlham Əliyev ekologiya məsələlərində yaxından əməkdaşlığına görə Fondun rəhbərliyinə təşəkkürünü bildirdi. Fondun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, biz ekoloji problemlərə xüsusi fikir veririk. Bakıda və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair hökumət siyasəti həyata keçirilir və xalqımızın rifahı, genefondunun qorunması, gələcək nəsillərin sağlamlığının təmin olunması üçün konkret layihələr hazırlanır və bu işə daim diqqət göstəriləcəkdir.