AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RESPUBLİKANIN CƏNUB BÖLGƏSİNƏ SƏFƏRİ
LƏNKƏRAN-LERİK AVTOMOBİL YOLUNUN AÇILIŞI
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Astara rayonuna səfərini başa çatdıraraq, Lerik rayonuna gəlmişdir. Bu, rayonun tarixində respublika rəhbərinin Lerikə ilk səfəri idi.
Dövlətimizin başçısı əvvəlcə burada Lənkəran-Lerik avtomobil yolunun istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak etdi. Mərasimə toplaşan yol inşaatçıları, minlərlə sakin respublikamızın rəhbərini hərarətlə, böyük səmimiyyətlə qarşıladı. Prezidentə gül-çiçək təqdim olundu.
Təxminən bir əsr əvvəl, 1912-ci ildə əsası qoyulmuş bu yol uzun müddətdən sonra, 1970-ci illərdə hissə-hissə çəkilməyə başlansa da, işlər yarımçıq qalmışdı. Bir neçə ay əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə yolun çəkilməsinə başlanmışdı. Uzunluğu 56 kilometr olan yolun əsaslı şəkildə yenidən qurulmasına 50 milyard manat vəsait ayrılmışdır. Bu yolun istifadəyə verilməsi Lerik rayonunun yaradılmasının 75 illiyi ərəfəsində Azərbaycan Prezidentinin leriklilərə ən gözəl hədiyyəsidir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 3-cü texniki dərəcəli bu yola asfalt-beton döşənmişdir. Yolboyu 10 körpü var və bunlar da yenidən qurulmuşdur. Yolun torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Hazırda yolun 50 kilometrində işlər başa çatmışdır. Qalan 6 kilometrlik hissə isə ilin sonunadək hazır olacaqdır.
Rayon sakinləri uzun illər həsrətində olduqları bu yolun qısa müddətdə çəkilib istifadəyə verilməsinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, bu yol Lerik rayonunun sosial-iqtisadi inkişafına, əhalinin güzəranının yaxşılaşmasına çox böyük kömək göstərəcəkdir. Leriklilər yetişdirdikləri kənd təsərrüfatı məhsullarını respublikanın müxtəlif bölgələrinə apara biləcəklər.
Prezident İlham Əliyev dedi ki, bir neçə ay bundan əvvəl mənə Lənkəran-Lerik yolunun çox bərbad vəziyyətdə olması barədə məlumat vermişdilər. Yolun çəkilişi üçün dərhal tapşırıq verdim və Nəqliyyat Nazirliyi, digər əlaqədar qurumlar burada çox böyük işlər görmüşlər. Rahat yolun olması hər bir bölgənin inkişafı üçün əsas şərtlərdəndir. Bu yolun istifadəyə verilməsi rayonda turizmin inkişafına da təkan verəcəkdir.
Dövlətimizin başçısı yolun istifadəyə verilməsini bildirən qırmızı lenti kəsdi, yol inşaatçıları ilə xatirə şəkli çəkdirdi.