AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN “SAMANYOLU” TELEVİZİYASINA MÜSAHİBƏSİ
- Azərbaycan xalqının gələcəyə ümidlə, arxayınlıqla baxması üçün çox mühüm işlər görülməyə başlandı və bu, davam edir. Azərbaycan xalqının daha rahat, sakit, daha təhlükəsiz bir şəraitdə yaşaya bilməsi üçün hansı işlər görürsünüz? Azərbaycan dövlətinin dünyada yerini necə görürsünüz. Hədəfiniz nədir? Bu hədəfə çatmaq üçün hansı işlər görürsünüz?
- Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar çox gözəl nəticələr verməkdədir. Bu siyasət 1993-cü ildən başlayaraq Prezidentimiz Heydər Əliyev tərəfindən aparılmışdır və bundan sonra da davam etməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk illərdə böyük çətinliklərə məruz qalmışdır. İqtisadi böhran, siyasi və hərbi böhran yaşanmışdır. Azərbaycanın iqtisadiyyatı hər il 10, 30, 50 faiz tənəzzül edirdi. Yəni, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Bunu bərpa etmək, canlandırmaq Prezidentimizin əsas vəzifələrindən biri idi və o, buna müvəffəq olmuşdur. Ölkəmiz dirçəldi və bu gün Azərbaycan böyük addımlarla irəliləyir. İqtisadi artım ildə orta hesabla 10 faizə yaxındır. İnflyasiya isə ildə 2-3 faizi keçmir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, böyük həcmdə xarici sərmayə qoyulur. Bütün bu amillər ölkəmizi iqtisadi cəhətdən gücləndirir. Bu baxımdan iqtisadi islahatlar siyasəti davam edəcəkdir.
Mən Prezident kimi vəzifəmin icrasına başladıqdan sonra mühüm addımlar atmışam, ölkəmizin sosial-iqtisadi inkişafı üçün mühüm proqramlar qəbul edilibdir. Azərbaycanın bölgələrinin iqtisadi inkişaf proqramı da var və həyata keçirilir. Qarşımızda duran bütün bu məqsədlərə nail olmaq üçün, ölkəmizi daha da qüdrətli dövlətə çevirmək üçün sabitlik və sülh olmalıdır. Biz buna da nail olmuşuq. Azərbaycan bu baxımdan sabit ölkədir, burada asayiş var, qanun-qayda var. Əlbəttə ki, sabitlik olmasaydı, bu iqtisadi nailiyyətlərə çata bilməzdik.
Dünya birliyinə inteqrasiya edirik. Azərbaycan dünya birliyində layiqli yerini tuta bilib. Beynəlxalq təşkilatların işində fəal iştirak edir, Avropa Şurasının üzvüdür, Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Beləliklə, Azərbaycan gələcəkdə məhz bu istiqamətdə inkişaf edəcək, iqtisadi cəhətdən güclənəcək, siyasi baxımdan bölgədə daha da mühüm mövqeyə sahib olacaqdır. Nəticədə, Azərbaycanın inkişafı hərtərəfli və daha geniş olacaqdır.
- Güclü iqtisadiyyata malik və xarici əlaqələrdə güclü olan Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin həlli məsələsində qarşıdakı illərdə hansı mənzərə yarana bilər?
- Əlbəttə, bütün bunlar münaqişənin həllinə də böyük və müsbət təsirini göstərəcəkdir. Bu gün Azərbaycanın büdcəsi Ermənistandakından 3 dəfə çoxdur. Sabah bu, 5-10 dəfə çox olacaqdır. Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında olan bu uçurum daha da dərinləşəcəkdir. Ermənistanda iqtisadi inkişafa nail olmaq üçün heç bir əsas yoxdur. Bu ölkə beynəlxalq aləmdən təcrid olunub, izolyasiyadadır. Azərbaycan isə regionda Türkiyə ilə, Gürcüstanla və digər ölkələrlə çox sıx və əlverişli əməkdaşlıq edir. Əlbəttə, iqtisadiyyatımız və nəticədə hərbi potensialımız gücləndikcə, mən əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də mövqelərimiz daha da güclənəcəkdir.
- Cənab Prezident, vaxtaşırı Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatlar verirsiniz. Münaqişənin həlli üçün çalışmalı olan ATƏT kimi beynəlxalq qurumların uzun müddətdir konkret bir iş görməmələri problemin həllini yubadır. Necə fikirləşirsiniz, qarşıdakı illərdə Qarabağ münaqişəsi həll ediləcəkmi və ya onun həlli üçün hansı addımlar atılmalıdır?
- Biz ümid edirik ki, münaqişə həll ediləcək. Çünki, artıq bu vəziyyətlə barışmaq mümkün deyildir. Dünyada mövcud olan ikili standartlara son qoyulmalıdır. Ermənistan artıq bir neçə beynəlxalq təşkilat tərəfindən işğalçı, təcavüzkar ölkə kimi tanınmışdır. Avropa Şurasının rəsmi sənədlərində bu məsələ öz əksini tapmışdır. Bu yaxınlarda məsələ Avropa Şurasının geniş iclasında müzakirəyə çıxarılacaqdır. Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edibdir və bu da çox müsbət haldır. Eyni zamanda, Avropa Birliyi parlamentində də bu məsələyə toxunulub və Azərbaycanın haqlı olmasının sübutları ortaya qoyulubdur. Meyllər bizim xeyrimizədir. ATƏT-in Minsk qrupunun fəaliyyəti, əlbəttə ki, bizi qane etmir. Çünki bu fəaliyyətin nəticəsi yoxdur. Amma burada da mən ümid edirəm ki, ciddi təkliflər olmalıdır. İlk növbədə, Azərbaycanın torpaqları işğalçılardan azad edilməlidir. Bu, bizim ədalətli tələbimizdir. Ondan sonra Dağlıq Qarabağın statusu müzakirə oluna bilər.
Bu məsələdə iki prinsip ziddiyyət təşkil edir. Mən istəyirəm buna aydınlıq gətirəm. Azərbaycanın rəhbər tutduğu prinsip - ərazi bütövlüyü prinsipi hər bir ölkə üçün mühümdür. Biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq və tələb edirik ki, bizim də ərazi bütövlüyümüz tanınsın və bərpa olunsun. Ermənistanın irəli sürdüyü prinsip xalqın öz müqəddəratını təyin etməsi prinsipidir. Yəni, Dağlıq Qarabağda yaşayan ermənilər özləri öz müqəddəratını təyin etməli və qərar verməlidirlər ki, Dağlıq Qarabağ ya müstəqil olsun, ya da ki, Ermənistanın bir hissəsi olsun. Birincisi, biz buna heç vaxt razı olmayacağıq. Bu barədə dəfələrlə bəyanatlar verilibdir. Biz bu mövqedə dayanırıq və bundan dönməyəcəyik. Əgər biz bu prinsipi rəhbər tutsaq, ermənilərin bütün ölkələrdə bu yanaşma ilə çıxış etməsi mümkün olacaqdır. Ermənilər Gürcüstanda, Türkiyədə, Amerikada, Fransada yaşayırlar. Hər yerdə yaşayan ermənilər o ölkədə özləri üçün dövlətmi yaradacaqlar? Erməni xalqı artıq öz müqəddəratını təyin edib, erməni dövləti var. Kim istəyir gedib orada öz müqəddəratını təyin etməkdə davam etsin. Bu prinsip yanlış prinsipdir. Biz bununla barışa bilmərik. Beynəlxalq ictimaiyyət də bununla heç vaxt barışa bilməz.
- Qarabağ münaqişəsinin həllində Türkiyə, xüsusilə Baş nazir Rəcəb Tayyib Ərdoğan öz öhdəsinə bir iş götürə bilər, necə ki, Kipr məsələsində vasitəçi kimi öhdəsinə mühüm işlər götürdü. Bununla bağlı danışıqlarınız olacaqmı?
- Türkiyə hər zaman, bütün dövrlərdə bizim yanımızda olmuşdur. Qarabağ məsələsinin həllində də biz bu yardımı çox yüksək qiymətləndiririk. Türkiyə həmişə bizə böyük siyasi dəstək vermişdir, bütün beynəlxalq təşkilatlarda, forumlarda bizim mövqeyimizi müdafiə etmişdir. Əlbəttə ki, biz istərdik Türkiyə bu məsələdə daha fəal rol oynasın. Təbii ki, iki tərəfdən də buna razılıq olmalıdır, yəni Ermənistan da gərək müsbət reaksiya versin. Amma biz bunu çox istərdik.
- Son bir həftə, on gün ərzində Azərbaycan mətbuatında və televiziyalarında Türkiyənin Ermənistan ilə sərhədləri açacağına dair ciddi söhbətlər yayılır. Bu mövzu ilə bağlı Siz vaxtaşırı bəyanatlar verdiniz. Bu məsələyə necə baxırsınız?
- Rəsmi qaydada heç bir məlumat yoxdur. Mən keçən ilin sentyabr ayında Baş nazir kimi Türkiyədə olarkən bu barədə, təbii ki, danışıldı və heç bir yenilik yoxdur. Türkiyə rəhbərləri yekdilliklə bəyan etmişlər ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayana qədər sərhəd açılmacaqdır. Bir Prezident kimi mənim üçün bu, kifayətdir. O ki qaldı məsələnin ictimai rəydə müzakirə mövzusuna çevrilməsinə, yəqin ki, bu da təbiidir. Çünki müəyyən dairələrdən belə səslər gəlir. Bilirsiniz ki, Amerikanın rəhbər şəxsləri bu barədə artıq açıq fikirlər səsləndirirlər. Avropa Birliyi tərəfindən müəyyən təzyiqlər göstərilir və yəqin ki, bizim də ictimaiyyət bunu rəhbər tutaraq məsələni müzakirəyə çıxarıb. Biz inanmırıq ki, belə bir hal baş versin. Hesab edirəm ki, hər dövrün bir tələbi ola bilər. İqtisadi maraqlar ola bilər, təzyiqlər ola bilər. Azərbaycan da 1990-cı illərin əvvəllərində dəfələrlə təzyiqlərə məruz qalmışdır. Azərbaycan həmin illərdə Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirmək niyyətini açıq şəkildə ifadə edəndə də böyük təzyiqlərə düçar olmuşdur. Biz bu təzyiqlərə dözdük, baxmayaraq ki, Azərbaycan o vaxt çox zəif idi. Türkiyə isə böyük dövlətdir, bu təzyiqlərə dözəcəkdir. Əminəm ki, bu məsələ ikitərəfli münasibətlərə heç bir zərər gətirməyəcəkdir. Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, birliyi - bunlar əbədi məfhumlardır. Bu, bu gün də belədir, yüz ildən, 300 ildən sonra da belə olmalıdır. Bu, tarixdir. Biz bu amilləri bizim qəhrəmanlıq tariximizə heç vaxt qata bilmərik.
- Cənab Prezident, Türkiyə Avropa Birliyinə üzv olmaq yolunda mühüm məsafə qət etdi. Bu ilin sonunda müzakirələr başlayacaqdır. Azərbaycan da Avropa Birliyi ilə sərhəddə yerləşən ölkə olacaqdır. Türkiyənin Avropa Birliyinə daxil olması Azərbaycana nə verər? İkincisi isə, Azərbaycan Avropa Birliyinə doğru yolda hansı məsafəni qət etmişdir, daxil olmağı düşünürmü, onun meyarlarına uyğun gəlmək üçün hansı işləri görür?
- Bir daha qeyd etmək istəyirəm ki, Türkiyənin xoşbəxtliyi Azərbaycanın da xoşbəxtliyidir. Türkiyənin xeyrinə atılan hər bir addıma biz də eyni dərəcədə sevinirik. Əlbəttə, çox istəyirik ki, yaxın zamanlarda Türkiyə Avropa Birliyinin üzvü olsun və indiyə qədərki ədalətsizliyə də son qoyulsun. Bu, yenə də ikili standartların təzahürüdür. Biz hər zaman düşünürük ki, nə üçün Türkiyədən sonra Avropa Birliyinə üzv olmaq istəyən ölkələrin müraciətlərinə müsbət reaksiya verilir, Türkiyəyə isə müsbət yanaşılmır. Nə üçün? Türkiyə bütün meyarlara görə Avropa Birliyinin üzvü ola bilər və Avropa üçün çox dəyərli töhfələr verə bilər. Amma baxın, bu ikili standartlar yenə bizim qarşımızda əngəllər yaradır. Ancaq mən inanıram ki, dünyada və Avropada artıq bu məsələyə ədalətlə yanaşılacaq və Türkiyə tezliklə Avropa Birliyinin üzvü olacaqdır. Əlbəttə, bu, Türkiyə iqtisadiyyatına böyük fayda gətirəcəkdir. Dolayısı ilə bundan Azərbaycan da xeyir götürəcəkdir. Mən dəfələrlə demişəm ki, biz də öz gələcəyimizi Avropa strukturlarına, dünya birliyinə inteqrasiyada görürük. Azərbaycan bu baxımdan müəyyən addımlar atıbdır. Bizim Avropa Birliyi ilə, digər qurumlarla əməkdaşlığımız var. Əlbəttə ki, bundan sonra bu yolla gedəcəyik.
- Siz Avropa Şurasında Azərbaycanı təmsil etdiniz, avropalıları çox yaxından tanıyırsınız. Onlar bizi başa düşürlərmi, səmimidirlərmi? Bir az əvvəl həm Dağlıq Qarabağ məsələsi, həm də Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi ilə bağlı ikili standartlardan danışdınız. Bizim daxili siyasətimizi başa düşürlərmi, və ya biz özümüzü avropalılara tanıda bildikmi?
- Bilirsiniz, bu, əlbəttə ki, uzun bir prosesdir. Mən deyə bilərəm ki, Azərbaycan Avropa Şurasına üzv olandan sonra ilk iclaslarda gördük ki, Dağlıq Qarabağ haqqında onların, ümumiyyətlə, heç bir məlumatı yoxdur. Çünki bu barədə onlara kifayət qədər məlumat çatdırılmamışdır. Türkiyə nümayəndələri ilə birlikdə apardığımız fəaliyyət nəticəsində artıq Dağlıq Qarabağ mövzusu nəinki orada müzakirə olunur, hətta məruzə də hazırlanır. Siyasi Komitə xüsusi bir məruzəçi təyin edibdir və bu yaxınlarda o, məruzə ilə çıxış edəcək və beləliklə, Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsinə siyasi qiymət verəcəkdir. Bu da, hesab edirəm ki, bizim böyük uğurumuzdur. Ermənistan tərəfi hər vəchlə bunun əleyhinə çıxır. Amma yenə də deyirəm, biz gərək öz təbliğatımızı güclü aparaq. Avropa Birliyinin, Avropa Şurasının, digər beynəlxalq qurumların bizi daha çox tanımaları üçün öz təbliğatımızı daha da gücləndirməliyik. Əgər belə fəaliyyət göstərməsək, təbii ki, onlar bizim haqqımızda kifayət qədər məlumat almayacaqlar. Bu, bizim öhdəmizə düşən vəzifədir və biz bunu etməliyik.
- Cənab Prezident, qarşıdakı günlərdə ilk dəfə dövlət başçısı kimi Türkiyədə olacaqsınız. Türkiyə rəhbərləri ilə görüşlərinizdə ön plana çıxacaq mövzular hansılar olacaqdır?
- Hesab edirəm ki, məsələlərin geniş spektri - iki ölkə arasındakı siyasi əlaqələr müzakirə ediləcək, gələcək əməkdaşlıq haqqında söhbət açılacaq, iqtisadi baxımdan mühüm layihələr müzakirə mövzusu olacaqdır. Bizim iqtisadi-ticarət əlaqələrimiz güclənir, mal dövriyyəsinin həcminin artmasında maraqlıyıq. Eyni zamanda, Türkiyə ilə biz mədəni, hərbi, iqtisadi, siyasi - bütün sahələrdə əməkdaşlıq edirik. Bütün bu məsələlər, əlbəttə ki, müzakirə olunacaqdır. Əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi müzakirə ediləcəkdir. Siz bilirsiniz ki, biz bu məsələdə böyük uğurlar əldə etdik, böyük nailiyyətlərimiz var. Biz bu layihənin xülyadan gerçəkliyə çevrilməsinə nail olduq. Müzakirə olunacaq məsələlər çoxdur, bütün məsələlər nəzərdən keçiriləcəkdir.
- Türkiyədən iş adamları Azərbaycana gəldilər, neft sənayesindən kənarda bir çox sahədə fəaliyyət göstərirlər, neft sahəsində daha çox başqa ölkələr işləyir. Xarici sərmayənin Azərbaycana gəlməsi asanlaşdırıla bildimi? Xüsusilə, türk iş adamlarının hansı sahələrdə fəaliyyət göstərməsini gözləyirsiniz?
- Azərbaycanda xarici sərmayələrin qoyulması üçün çox əlverişli zəmin var, sərmayə mühiti çox gözəldir. Əgər belə olmasaydı, xarici şirkətlər buraya milyardlarla dollar sərmayə qoymazdılar. Deyə bilərəm ki, adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan bütün keçmiş sovet respublikaları arasında ilk yerlərdədir. Bizim ölkəmizin gələcəyi üçün əhəmiyyət daşıyan müqavilələr Milli Məclis tərəfindən təsdiq olunur. Ondan sonra Prezident bu sənədləri qanun kimi imzalayır. Bu isə sərmayiçilərdə əminlik yaradır ki, əldə olunan razılaşmalar dəyişməyəcəkdir. Bu, çox vacibdir.
Əlbəttə, biz maraqlıyıq ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə sərmayə qoyulsun. Türkiyənin iş adamları Azərbaycanda uğurla işləyirlər, burada böyük işlərlə məşğul olurlar. Həm xidmət sektorunda, həm sənayedə, neft sektorunda onların fəaliyyətindən çox məmnunuq. Biz, əlbəttə, istərdik ki, daha çox sərmayə qoyulsun. Hər bir ölkə bunu istəyir. Çünki bu, ölkənin gələcəyi, iqtisadi inkişafı üçün lazımdır. Mənim də istəyim budur. Türkiyənin iş adamları ilə dəfələrlə söhbətlərim, görüşlərim olubdur və hər dəfə mən onları sərmayə qoymağa çağırmışam. Bizim qapımız Türkiyənin iş adamlarına açıqdır, onlar üçün ən gözəl şəraiti yaratmağa hazırıq və bunu edirik. Çox şad olardıq ki, bizim qardaşlarımız burada daha çox iş görsünlər.
- Mərhum Prezidentimizin ən böyük layihələrindən biri “Əsrin müqaviləsi”dir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi davam edir. Tikinti işləri hansı mərhələdədir, bu işlər cədvələ uyğun olaraq vaxtında tamamlanacaqmı? Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi nə yerdədir və nəhayət, bu böyük layihələrin, sadəcə, iqtisadi tərəfinimi fikirləşmək lazımdır, yoxsa, onların həm Azərbaycana, həm də bölgəyə müxtəlif baxımlardan hansı faydaları olacaqdır?
- İnşaat işləri uğurla davam edir. Böyük çətinliklər olmuşdur, bu çətinliklər, maneələr haqqında bəlkə saatlarla danışmaq olar. Amma bütün bu maneələrə baxmayaraq, biz bunu reallaşdırmağı bacardıq. Artıq tikinti uğurla gedir, işlərin yarıdan çoxunun görülməsi təmin olunmuşdur. Deyə bilərəm ki Azərbaycan ərazisində bütün işlər vaxtında görülür, bir gün də yubanma yoxdur. Biz əminik ki, dünyanın ən nəhəng energetika layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti vaxtında istismara veriləcəkdir. Ondan sonra Azərbaycan nefti təhlükəsiz bir şəraitdə dünya bazarlarına çıxarılacaq və bundan hər üç ölkə böyük fayda əldə edəcəkdir.
Bakı-Ərzurum qaz kəmərinin tikintisi istiqamətində də işlər görülür. “Şahdəniz” qaz yatağında böyük işlər görülür, bu yatağın işlənilməsi və boru kəmərinin tikilməsi böyük vəsait tələb edir. Amma nəticədə, Azərbaycan qazı Türkiyəyə, oradan Yunanıstana, sonra isə digər Avropa ölkələrinə çatdırılacaqdır.
Əlbəttə ki, bütün bu layihələr regional əməkdaşlıq üçün yeni gözəl şərait yaradacaqdır. Biz bu məsələlərə, Bakı-Tbilisi-Ceyhan layihəsinə yalnız və yalnız iqtisadi baxımdan yanaşırdıq. Biz həmişə qeyd edirdik ki, bu, Azərbaycanın gələcəyi, iqtisadiyyatımızın inkişafı üçün çox mühüm bir amildir. Amma sirr deyil ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınandan sonra bunun regional əməkdaşlığa da yəqin ciddi təsiri olacaqdır. Amma bu təsir də yenə Türkiyə, Gürcüstan, Azərbaycan üçün müsbət təsir olacaqdır. Ola bilər ki, regionda yeni bir mühit yaransın, yeni meyllər ortaya çıxa bilər. Bu layihə bizi daha da birləşdirəcəkdir ki, bu da, öz növbəsində, bizim maraqlarımıza cavab verir.
- Qazaxıstanın da bu layihələrə qoşulması ilə enerji ehtiyatlarının Avropa bazarlarına çıxışının Azərbaycan vasitəsilə olması, problemlərin həllində Azərbaycanın əlində mühüm imkanların yaranması ölkənizə nələr verə bilər?
- Çox şey verə bilər. Siz çox düzgün buyurursunuz. Azərbaycanın coğrafi-siyasi vəziyyəti çox mühümdür. Heç bir regional əməkdaşlıq layihəsi Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Nəzərə alsaq ki, Xəzər dənizinin neft və qaz ehtiyatları Azərbaycan vasitəsilə dünyaya çıxarılacaq, deməli, bu, ölkənin əhəmiyyətini daha da artıracaqdır. Əlbəttə ki, əhəmiyyəti artan ölkə dünyada daha güclü mövqeyə malik olacaqdır. Dünyada sözümüz, bəlkə də, daha asan keçəcəkdir. Bütün bu imkanlardan biz birgə istifadə etməliyik. Azərbaycanın imkanları Türkiyənin sərəncamındadır, Türkiyənin imkanları Azərbaycanın sərəncamındadır. Biz bütün məsələlərə həmişə bu nöqteyi-nəzərdən yanaşmışıq.
Qazaxıstanı qeyd etdiniz. Qazaxıstanın bu barədə fikri artıq qətiləşdi. Bu yaxınlarda mən Qazaxıstanda dövlət səfərində oldum. Artıq həmin ölkənin Prezidenti və digər məsul şəxsləri birmənalı şəkildə Bakı-Ceyhana qoşulmaq haqqında bəyanatlar vermişlər. Hesab edirəm ki, bu Bakı-Ceyhan layihəsi üçün mühüm bir töhfə olacaqdır. Azərbaycanın öz neft ehtiyatları kəmərin səmərəli olması üçün kifayətdir. Amma əgər əlavə həcmlər olsa, biz hamımız bunun faydasını görəcəyik. Bu kəmər tam gücü ilə işə salınandan sonra, ümid edirəm ki, biz regionda yeni hadisələrin şahidi olacağıq.
- Cənab Prezident, Azərbaycanın uğurlarına biz öz uğurumuz kimi sevinirik, Azərbaycanın hər sahədə irəliləməsi bizi sevindirir. Bu sahələrdən biri də mərhum Prezidentimizin təşviqi ilə açılan türk litseyləridir. Orada azərbaycanlı yeniyetmələr oxuyurlar. Onların olimpiadalarda 100-dən artıq medal aldıqlarını öyrəndik. Bunu televiziyamızın xəbərlərində də verdik. Həmin məlumat Türkiyədə böyük marağa səbəb oldu. Bu litseylərin gələcəyini necə görürsünüz, yəni türk iş adamlarının Azərbaycanda təhsil sahəsində fəaliyyətləri haqqında nə düşünürsünüz? Bununla yanaşı, bilirsiniz ki, bütün dünyada gənclər narkotik maddələr, içki, əxlaqsızlıq kimi təhlükələrlə üz-üzədir. Gəncləri bu təhlükələrdən qorumaq üçün hansı layihələriniz var?
- Mən buradakı türk litseylərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bunları yaradan, işlədən insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Orada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək mükafatlar qazanırlar. Bu, bizi çox sevindirir və onu göstərir ki, həmin litseylər Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirir. Əlbəttə ki, bir Prezident kimi mən bu litseylərin öz fəaliyyətini davam etdirmələrini, daha da genişləndirməsini istərdim.
Biz gənclərimizin tərbiyəsi ilə, onların fəaliyyəti ilə çox məşğuluq. Mən 7 ildir ki, Milli Olimpiya Komitəsinin Prezidentiyəm və deyə bilərəm ki, öz fəaliyyətimin əsas istiqamətini idmanın kütləviliyinin təmin edilməsində görürəm. İdmanla məşğul olan gənc nə siqaret çəkəcək, nə spirtli içki qəbul edəcək, nə də başqa bir pis iş görəcək. Ona görə təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində ən müasir, ən yüksək standartlara cavab verən idman kompleksləri, qurğuları yaratdıq və bundan sonra da yaradacağıq. Mən bütün gəncləri idmanla məşğul olmağa çağırmışdım və sizə deyə bilərəm ki, bu çağırışdan sonra, idmançılara yaratdığımız şəraitdən sonra müsbət meylləri görürəm. Dövlət təkcə bununla kifayətlənməməlidir. Əlbəttə ki, təhsil mühüm rol oynayır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi bizim vəzifəmizdir. Mən bu istiqamətdə öz siyasətimi dəfələrlə bildirmişdim. Gənclərimiz vətənpərvərlik ruhunda böyüməli, öz tarixini bilməlidir, öz keçmişi ilə bağlı qürur hissləri keçirməlidir, mədəni-mənəvi irsimizi dünyada təbliğ etməlidir. Biz - Türkiyə və Azərbaycan dünya birliyi üçün çox böyük töhfələr vermiş ölkələrik. Bizim xalqlarımızın çox böyük tarixi var, mədəni irsi var. Biz bunu bir töhfə kimi dünyaya bəxş etməliyik. Keçmişdə etmişik, amma bu gün yeni, müasir şəraitdə bunu daha da geniş şəkildə etməliyik. Nailiyyətlərimizi təbliğ etməliyik. Bizim zəifliyimiz, qüsurumuz ondadır ki, bəzən əldə olunan nailiyyətləri dünya ictimaiyyətinin nəzərinə istədiyimiz səviyyədə çatdıra bilmirik. Bu istiqamətdə hələ çox iş görüləcəkdir.
- Elə bilirəm ki, bu sahədə Azərbaycanda əlverişli potensial da var. İdmanın fərdi növlərində son dövrdə qazandığınız uğurlar, təhsil sahəsində əldə edilən uğurlar göstərir ki, Azərbaycanda bunların sağlam təməli var. Sadəcə, buna texnologiya əlavə ediləndə, insanlara imkan açılanda uğur qazanmamaq mümkün deyildir.
- Doğrudur, bizdə çox güclü intellektual potensial var, insanlar bilikli, savadlıdır. Əhalinin 100 faizi savadlıdır. İqtisadiyyatda, neft sahəsində, elmdə peşəkar kadrlar çoxdur. Sadəcə olaraq, yeni texnologiyanı tətbiq etməliyik, yeni vasitələri tətbiq etməliyik ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda və yaxud geridə qalmasın.
- 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmlə birgə mübarizə başlandı. Azərbaycan hər zaman bu mübarizənin içində olmağa çalışdı. Beynəlxalq terrorizmə Siz necə baxırsınız? Azərbaycan qlobal sülhə hansı töhfəni verə bilər?
- Mən dəfələrlə demişəm ki, Azərbaycan terrordan zərər çəkən ölkədir. Erməni terrorçu təşkilatları 1990-cı illərdə Azərbaycanda 30-dan artıq terror aktı həyata keçirmiş, nəticədə, 2 min günahsız insan həlak olmuşdur, yüzlərlə insan yaralanmış, əlil olmuşdur. Ona görə də biz terror nə olduğunu yaxşı bilirik. Əfsuslar olsun ki, bizim ölkəmiz bunu yaşayıb. Əlbəttə ki, biz gözəl bilirik ki, terrorla mübarizədə bütün ölkələr birləşməlidir. Terrorçu təkcə sənin ölkənə qarşı terror aktı keçirən deyildir. Başqa ölkədə terror aktının həyata keçirilməsinə göz yumursansa, heç vaxt terrorizmlə mübarizə uğurlu olmayacaqdır. Bütün dövlətlər terrorizmə qarşı mübarizədə birləşməlidir, bütün dünyada mövcud olan terrorçu təşkilatlar, onların fəaliyyəti dayandırılmalıdır, bank hesabları, bütün əmlakı müsadirə olunmalıdır. Ancaq bu təqdirdə terrorizmlə mübarizə səmərəli ola bilər. Yox, əgər bunda da ayrı-seçkiliyə yol veriləcəksə, əgər yalnız özünə müxalif olan terrorçu təşkilatlara qarşı mübarizə aparılacaqsa, bunun heç bir faydası olmayacaq. Terrorizmə qarşı mübarizədə gərək bütün ictimaiyyət, beynəlxalq aləm birləşsin.
- Azərbaycanın mədəniyyət və sənət adamları, şairləri terrorun aradan qaldırılması və sülhə nail olunması üçün bir sülh elçiləri kimi nə edə bilərlər?
- Bu barədə məqsədyönlü iş aparılmayıbdır. Amma bilirsiniz ki, Azərbaycanın çox qədim mədəni irsi var. Bizim sənət adamlarımız müxtəlif ölkələrdə olurlar, tədbirlərdə iştirak edirlər. Deyə bilərik ki, bu baxımdan da öz töhfəmizi veririk. Amma əlbəttə ki, terrorla səmərəli mübarizə aparmaq üçün, ilk növbədə, gərək vahid bir yanaşma ortaya qoyulsun, bütün ölkələrdə terrora qarşı mübarizə aparılsın və terrorçu təşkilatlar gərək bunu bilsinlər.
- Müsahibə üçün çox təşəkkür edirik. Azərbaycan üçün, Türkiyə üçün və dünya üçün bundan əlavə söyləmək istədikləriniz varmı?
- Mənim mesajım belədir ki, Prezident kimi çalışacağam öz vəzifəmi ləyaqətlə yerinə yetirəm. Xalq məni seçib, mənə inanıb, mən də xalqa xidmət edirəm və öz vəzifəmi bunda görürəm. Bir neçə gündən sonra mən Türkiyəyə Prezident kimi səfər edəcəyəm. Məni Türkiyə ilə uzun illər, tellər bağlayır. Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir. Amma Prezident kimi ilk dəfə gedəcəyəm. Əlbəttə, ümid edirəm ki, bu səfərdən sonra qardaş ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənəcək, yeni layihələr üzərində işləyəcəyik, həmişə olduğu kimi, bir-birimizə dəstək, arxa olacağıq. Bizim gücümüz birlikdədir, biz bu siyasətə sadiqik, bu yolla gedəcəyik. Bütün türk xalqına hörmət və sevgilərimi çatdırıram. Xoşbəxt olsunlar.