RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ALMANİYANIN KANSLERİ ANGELA MERKELİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniyanın federal Kansleri xanım Angela Merkelin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Almaniya, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivlərindən, ölkəmizdə gedən iqtisadi tərəqqidən, bütün sahələrdə iqtisadi islahatların uğurla həyata keçirilməsindən və demokratik proseslərdən söhbət açıldı. Bildirildi ki, iki ölkə arasındakı münasibətlər çox yaxşı səviyyədədir və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı vacibdir. Bu istiqamətdə Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir.
Tərəflər Azərbaycan ilə Almaniya arasındakı münasibətlərin getdikcə möhkəmləndiyini vurğuladılar və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirildi. Həmçinin vurğulandı ki, Avropa ilə Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlığın yeni səviyyəyə qalxması üçün qarşılıqlı tədbirlər görüləcək və Almaniya tərəfi bu işdə öz köməyini əsirgəməyəcəkdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıldı.