AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur.
Prezident Georgi Pırvanov onun dəvətini qəbul edib Bolqarıstana gəldiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında tarixi və iqtisadi əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağına əminliyini vurğulayan cənab Pırvanov xalqımızın ümummilli lideri Heydər Əliyevin 1995-ci ilin yayında Bolqarıstana səfərini də xatırlatdı. O bildirdi ki, Bolqarıstan regionda iqtisadi inkişaf baxımından güclü ölkəyə çevrilən Azərbaycanla bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə xüsusi maraq göstərir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün iqtisadi, mədəni, humanitar və digər sahələrdə böyük imkanlar var və bunlardan hərtərəfli istifadə olunmalıdır.
Qonaqpərvərliyə görə təşəkkür edən Prezident İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılmasi üçün potensial imkanların olduğunu bildirdi, yeni yaradılan nəqliyyat və kommunikasiya xətlərindən maksimum istifadə edilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətdən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən və qarşıdan gələn parlament seçkilərindən danışdı.
Prezident İlham Əliyev bu səfərinin Bolqarıstanla qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasına təkan verəcəyini söylədi.
Görüşdə qarşılıqlı əməkdaşlığın bir sıra konkret sahələri üzrə təkliflər də səsləndi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezidentlər bu problemin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduqlarını bildirdilər, Azərbaycanın ədalətli mövqeyini Bolqarıstanın bundan sonra da dəstəkləyəcəyi vurğulandı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzündən bəhs edərək, ölkəmizin haqq işinin beynəlxalq təşkilatlarda dəstəklənməsində Bolqarıstan dövlətinin mövqeyinə görə təşəkkürünü bildirdi.
Hər iki ölkədə səfirliklərin açılmasının ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirən dövlət başçıları bank işi, energetika, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi apardılar.