AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FİNLANDİYA PREZİDENTİ TARYA HALONENİN TƏKBƏTƏK GÖRÜŞÜ
Sentyabrın 29-da, rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Finlandiya Prezidenti xanım Tarya Halonenin təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyev Finlandiya Prezidenti Tarya Haloneni Bakıda salamlamaqdan məmnun olduğunu söylədi, ölkələrimiz arasında dostluq əlaqələrinin uğurla davam etdiyini vurğuladı.
Azərbaycana rəsmi səfərə dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Prezident Tarya Halonen bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi.
Görüşdə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Finlandiya əməkdaşlığının, iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Avropa strukturlarına inteqrasiyada Finlandiyanın Azərbaycanı gələcəkdə də dəstəkləyəcəyi bildirildi.
Tərəflər ölkələrimiz arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi apardılar.