Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YAPONİYANIN “NİKKEY” (“NİHON KEYDZAY ŞİMBUN”) QƏZETİNİN MÜXBİRİNƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YAPONİYANIN “NİKKEY” (“NİHON KEYDZAY ŞİMBUN”) QƏZETİNİN MÜXBİRİNƏ MÜSAHİBƏSİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında Yaponiyanın “Nikkey” (“Nihon Keydzay Şimbun”) qəzetinin müxbirinə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- Sizə bir sıra suallar vermək istərdim. İlk növbədə, bunlar enerji məsələləri ilə bağlı olacaqdır. Belə ki, Yaponiya şirkətləri də Azərbaycanın enerji sahəsindəki siyasətinə böyük maraq göstərirlər. Keçən il Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən neft boru kəməri istifadəyə verilmişdir. Avropanın enerji ilə təmin olunması sahəsindəki strategiyanız nədən ibarətdir?
  - Neft və qaz strategiyamızı milli maraqlarımıza uyğun olaraq həyata keçiririk. Bizim nəhəng neft və qaz ehtiyatlarımız var. Təkcə “Azəri-Çıraq-Günəşli” yataqlarındakı xam neft ehtiyatlarımız 1,2 milyard tondan çoxdur. Hazırda bu yataqlardan neft hasil edirik və gələn il Azərbaycanda ümumi hasilat 50 milyon tondan artıq olacaqdır. Əlbəttə, bu nefti nəql etmək üçün boru kəmərlərinə ehtiyacımız var. Bizim 3 boru kəmərimiz var - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Beləliklə, biz hasilat və nəql problemlərimizi tamamilə həll etmişik. Qaz hasilatına gəlincə, bu yaxınlarda, “Şahdəniz” yatağında böyük qaz ehtiyatları kəşf etmişik. Digər yataqlardakı ehtiyatlar ilə birlikdə hazırda ölkəmizin qaz ehtiyatı ümumilikdə 1,5 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu qazı dünya bazarlarına nəql edəcək boru kəməri artıq fəaliyyət göstərir. Artıq Gürcüstanı qaz ilə təchiz edirik və texniki baxımdan bu boru kəməri ilə qaz Avropa bazarlarına da nəql edilə bilər.
  - Neftiniz Novorossiysk vasitəsilə Rusiya ərazisindən keçməklə də nəql edilirdi. Boru kəmərləri ilə neftin nəqli məsələlərini necə həyata keçirirsiniz?
  - 1997-ci ildə xarici şirkətlər konsorsiumu ilə neft hasilatına başlayan zaman, bu yeganə boru kəməri idi. Lakin bundan sonra daha 2 boru kəməri inşa edildi. Bunlardan biri Bakı-Supsa, digəri isə Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Beləliklə, bizim üç boru kəmərimiz var. Əlbəttə, biz onların hamısından istifadə edə bilərik. İstehlakçılar idxalın şaxələndirilməsi barədə fikirləşirlər. Biz isə ixracın şaxələndirilməsi barədə düşünürük. Biz bunu artıq həll etmişik. Əlbəttə, biz daha artıq iqtisadi fayda verən neft infrastrukturundan istifadəyə daha çox üstünlük verəcəyik.
- Siz iqtisadi fayda barəsində danışdınız, bu baxımdan hansı boru kəməri daha sərfəlidir?
  - Əlbəttə, hazırda Aralıq dənizinə çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri. Belə ki, biz bu boru kəməri vasitəsilə gündə bir milyon barrel neft nəql edirik. Bu isə ildə 50 milyon ton deməkdir. Bundan başqa, bu boru kəməri bizə nefti bütün dünyaya satmağa imkan verir. Çünki Ceyhan limanından Azərbaycan nefti hər yerə - Asiyaya, Amerikaya satılır. İndi boru kəmərinin tam tutumunda fəaliyyət göstərməsinə çalışırıq və ehtimal ki, biz gələn il bu məqsədimizə nail olacağıq.
- Qaz ilə bağlı nə deyə bilərsiniz?

- Yuxarıda dediyim kimi, Azərbaycan artıq qazı ixrac edən ölkəyə çevrilmişdir. Qaz infrastrukturumuz yenicə yaradılmışdır. Bu yaxınlarda Türkiyəyə gedən çox müasir qaz boru kəmərini inşa etmişik. Azərbaycan qazı Türkiyə vasitəsilə Avropa İttifaqı bazarına da nəql edilə bilər. Bu kəmər Cənubi Qafqaz boru kəməri adlanır. Bundan başqa, biz bu yaxınlarda Nabukko layihəsində iştirak etməyə dəvət almışıq. Bu layihəyə Türkiyə, Bolqarıstan, Rumıniya, Avstriya, Macarıstan kimi ölkələr də cəlb olunacaqdır. Biz aldığımız dəvəti, təklifi nəzərdən keçiririk. Dediyim kimi, bizim nəhəng qaz ehtiyatlarımız var və gələcəkdə qonşu dövlətləri, Avropa dövlətlərini qaz ilə təchiz edə biləcəyik. Lakin bu nəhəng qaz ehtiyatlarından istifadə ilkin mərhələdədir. “Şahdəniz” yatağından qaz yalnız bu ildən hasil edilməyə başlanmışdır. Hasilatı artırmaq və onu bazarın tələbatlarına uyğun yüksək səviyyədə saxlamaq üçün bir neçə il lazım olacaqdır.

- Burada xarici şirkətlərlə əməkdaşlığın rolu nədən ibarətdir?

- Onların rolu çox mühümdür. Çünki onlar bizim əsas sərmayədarlardır. Onlar qaz və neftin hasilatına, boru kəmərlərinin inşasına sərmayə qoyublar. Yəni əsas sərmayə qoyuluşunu xarici şirkətlər həyata keçirmişdir, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti də bu layihələrə böyük sərmayə qoyur. Beləliklə, bizim neft şirkəti ilə xarici enerji şirkətləri arasında yaxşı tərəfdaşlıq mövcuddur. Bu tərəfdaşlıq 1994-cü ildən başlamışdır və uzunmüddətlidir. Bu günə kimi geniş coğrafiyası olan xarici şirkətlərlə, o cümlədən Yaponiya şirkətləri ilə Azərbaycanda tərəfdaşlıq etməkdən çox məmnunuq.

- “Enerji millətçiliyi” adlandırılan meyillər haqqında nə düşünürsünüz? Bu sahədə Sizin həyata keçirdiyiniz siyasət nədən ibarətdir?

- Bizim siyasətimiz çox açıqdır, xarici şirkətlərlə olan sazişlərimizə sadiqik. Azərbaycanda xarici sərmayəçilər üçün çox əlverişli şərait vardır. Bütün əsas neft müqavilələri parlamentin müzakirəsindən keçir. Bundan sonra Prezident imzalayır və onlar qanun qüvvəsini alır. Burada heç bir dəyişiklik etmək olmaz. Sazişlərimiz imzalandıqdan sonra onların heç biri barəsində yenidən danışıqlar aparılmamışdır. Hesab edirəm ki, bu, xarici şirkətlərin bizə etimad və inamının artırılması baxımından çox önəmlidir. Strategiyamızı milli maraqlarımız üzərində qururuq. Bununla yanaşı, anlayırıq ki, Azərbaycana sərmayə qoyan xarici şirkətlər gəlir götürmək istəyirlər. Bu da təbiidir. Biz bu iki marağı uzlaşdırmalıyqdıq və bunu edə bilmişik. Azərbaycanda xarici şirkətlər tərəfindən hasil edilən neftin çox böyük hissəsi tezliklə məhz Azərbaycana məxsus olacaqdır. Beləliklə, Azərbaycan ilə xarici şirkətlər arasında gəlirlərin bölgüsü sürətlə Azərbaycanın xeyrinə dəyişəcəkdir.

- Xəzər dənizi ətrafında olan neft və qaz istehsal edən ölkələr ilə əməkdaşlığın genişləndirilməsi barədə nə düşünürsünüz? Boru kəmərinin Xəzər dənizindən keçməklə Qazaxıstan və Türkmənistan ilə birləşdirilməsi imkanlarına dair fikirlər mövcuddur. Bu barədə nə deyə bilərsiniz?

- Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulmasına dair keçən il mənimlə Qazaxıstan Prezidenti arasında hökumətlərarası saziş imzalanmışdır. İndi biz Qazaxıstan hökuməti və Qazaxıstanda neft hasil edən və bu neftin sahibi olan xarici şirkətlərlə bu istiqamətdə çalışırıq. Bu proses çox uğurla inkişaf edir. Qazaxıstan ilə münasibətlərimiz dostluq xarakteri daşıyır. Biz Xəzərin şərq sahilində olan dostlarımız - istər Qazaxıstan, istərsə də Türkmənistan üçün infrastrukturumuzu istifadəyə verməyə hazırıq. Bizim neft və qazı Avropa və beynəlxalq bazarlara nəql etmək üçün bütün zəruri, müasir infrastrukturumuz var. Əgər Xəzərin şərq sahilində olan dost ölkələr tərəfindən Azərbaycanın infrastrukturuna qoşulmaq istəyi olarsa, biz bunu nəzərdən keçirə bilərik. Lakin bu qərar onlar tərəfindən verilməlidir.

- Bu möcüzə barədə nə düşünürsünüz? Mən çox təəccübləndim. İki il bundan öncə burada idim. Ölkənizdə həqiqi inkişaf var. Eyni zamanda, Gürcüstanda olmuşam, orada da çox işlər görülür. Siz Qafqazın iqtisadiyyatı, regionda inkişaf, inteqrasiya barədə nə fikirləşirsiniz?

- Gürcüstan ilə inteqrasiyamız çox yüksək səviyyədədir. Biz tərəfdaş, dostuq. Neft və qazın nəqli ilə bağlı nəhəng çoxmilli, çoxmilyardlıq layihələr həyata keçiririk. Tezliklə Azərbaycan, Türkiyə və Gürcüstandan keçəcək, Mərkəzi Asiya ölkələrini, ümumiyyətlə, Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək yeni dəmir yolunun inşasına başlayacağıq. Bütün bu layihələr yalnız bizim üçün deyil, bütün Avrasiya ölkələri üçün önəmlidir. Bunu biz həyata keçiririk, bu proseslərin təşəbbüskarı bizik. Yeri gəlmişkən deyim ki, dəmir yolu layihəsi üzrə bu günə kimi biz heç bir maliyyə qurumundan yardım almamışıq, bu işləri öz hesabımıza görürük. Bu sahədə əməkdaşlığımız çox müsbətdir. Cənubi Qafqazın digər ölkəsinə - Ermənistana gəldikdə, onunla heç bir əlaqəmiz yoxdur. Bunun da səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasıdır ki, bunun da nəticəsində 1 milyondan artıq azərbaycanlı əziyyət çəkərək, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Lakin Gürcüstan ilə tərəfdaşlığımız və əməkdaşlığımız çox uğurla həyata keçirilir. Bundan başqa, sizin də dediyiniz kimi, bizim iqtisadiyyatımız inkişaf edir. Siz bunu statistik rəqəmlərdən görə bilər, eyni zamanda, Bakıda və regionlarda özünüz bu inkişafın şahidi ola bilərsiniz. Son bir neçə il ərzində ölkəmizdə misli görünməmiş inkişaf var. Əminəm ki, bu yalnız başlanğıcdır. Bu güclü iqtisadiyyat, yalnız regional formatda deyil, eyni zamanda, Avrasiya məkanında əhəmiyyətli rol oynaya biləcək güclü ölkə qurmaq planlarımızın həyata keçirilməsinin başlanğıcıdır. Artıq ölkəmiz bu rolu oynamaqdadır.

- Siz Avrasiya əməkdaşlığından danışarkən bunda Rusiyanın roluna necə baxırsınız? Belə ki, bu əməkdaşlıq dəhlizi, sanki Rusiyanın Transsibir dəhlizi ilə rəqabət aparır.

- Biz heç zaman siyasətimizi rəqabət üzərində qurmuruq. Əksinə, biz daim əməkdaşlığın tərəfdarı kimi çıxış edirik. Azərbaycan rəqabət aparmaq üçün yer deyil. Mən bir neçə dəfə bunu bəyan etmişəm və əminəm ki, siyasətimizin açıqlığı, əməkdaşlığa hazırlığımız bizə uğur gətirir. Bütün bunları etmək bizim hüququmuzdur, təbii hüququmuzdur. Biz öz prioritetlərimiz, milli maraqlarımız barədə düşünürük. Bu isə region və Avrasiya miqyasında mühüm ölkəyə çevrilmək üçün enerji ehtiyatlarımızdan və coğrafi mövqeyimizdən səmərəli istifadəyə əsaslanır. Ona görə də neft və qaz kəmərlərimiz, dəmir yolu əlaqəsi kiməsə qarşı yönəlməmişdir, onlar kiminləsə rəqabət aparmaq üçün deyildir. Biz xalqımız, Azərbaycan üçün lazım olanı edirik.

- Neftlə bağlı son sualımı vermək istəyirəm. Avropada neft idxalının şaxələndirilməsinə böyük ehtiyac duyulur. İndi Azərbaycanın yeni boru kəməri vardır. Gələcəkdə bu tələbatı nə qədər ödəyə bilərsiniz?

- Dediyim kimi, biz neft hasilatını artırırıq. 2010-cu ilə kimi ildə 65 milyon ton neft hasil etməyə ümid edirik. Gələn il hasilat 50 milyon tondan artıq olacaqdır. Qaz ilə bağlı deyə bilərəm ki, gələn il hasilatımız təxminən 16 milyard kubmetrə çatacaq, sonra isə hər şey bazardan asılı olacaqdır. Siz qazı istehlakçılara satmalısınız, siz onu açıq bazara sata bilməzsiniz. Bu, tələbata, Avropa ölkələri ilə potensial sazişlərimizə uyğun olacaqdır. Biz artıq Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışıq. Bu, əməkdaşlıq üçün yaxşı əsasdır. Əgər Azərbaycan qazına əlavə tələbat olarsa, əlbəttə, bu tələbatı təmin etmək üçün hasilatı artıracağıq. Biz bundan fayda götürəcəyik, belə ki, daha çox qaz satacaq və daha çox maliyyə vəsaiti qazanacağıq. Eyni zamanda, bunu etməklə Avropa iqtisadiyyatına daha çox inteqrasiya edəcəyik ki, bu da xarici siyasətimizin məqsədlərindən biridir.

- Sizin iqtisadiyyatın inkişafı daha çox neft və qaz ehtiyatlarından asılıdır. İqtisadiyyatın şaxələndirilməsi barədə nə düşünürsünüz? Azərbaycanı hansı istiqamətdə inkişaf etdirmək fikrindəsiniz?

- Bu təbiidir, çünki neft və qaz hələ də Azərbaycan iqtisadiyyatının mühüm elementidir və bir çox illər mühüm elementi olaraq qalacaqdır. Lakin biz iqtisadiyyatın şaxələndirilməsi üzərində də çalışırıq - sənaye istehsalı, regionların inkişafı proqramı... Təxminən son 4 il ərzində 550 mindən artıq yeni iş yeri açılmışdır. Son üç il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə salınmışdır. Tezliklə biz bu rəqəmi əhəmiyyətli dərəcədə aşağı salacağıq, ölkədə yoxsullar olmayacaqdır. Biz neft və qaz sektorunda, ümumiyyətlə, iqtisadi inkişafla bağlı şəffaflıq məsələlərində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik. İnfrastruktur sahəsinə böyük sərmayələr qoyuruq. Təkcə keçən il 5 elektrik stansiyası inşa etmişik. Biz regionlarda infrastrukturu təmin etmək məqsədi ilə avtomagistrallar, xəstəxanalar, məktəblər, yollar inşa edirik. Çünki neft, əsasən, burada - Abşeron yarımadasında, Xəzər dənizində hasil edilir. Regionlarda bizim neft iqtisadiyyatımız yoxdur. Ona görə də burada kənd təsərrüfatı istehsalını, özəl sektoru həvəsləndiririk. Sizə deyə bilərəm ki, keçən il ÜDM-də qeyri-neft sektorunun payı çox əhəmiyyətli olubdur, 12 faizdən çox idi. Ümumilikdə ÜDM-in artımı 35 faiz olmuşdur. Bu isə kifayət qədər yüksək rəqəmdir. Bu zaman nəzərə almaq lazımdır ki, son 10 ildə Azərbaycanda ÜDM-də ildə ən azı 10 faizlik artım olmuşdur. Biz neft amilindən, bu imkandan istifadə edərək, ölkəmizi inkişaf etdiririk. Hazırda informasiya texnologiyaları sahəsində böyük sərmayələr qoyuruq. Azərbaycana yeni texnologiyalar gətiririk və ölkəmizi müasirləşdirmək üçün dünyanın informasiya texnologiyaları sahəsindəki aparıcı şirkətləri ilə əməkdaşlıq edirik.

- İndi mən diplomatiya və təhlükəsizlik məsələləri barəsində sual vermək istəyirəm. Mən bu sualı verməliyəm, çünki bu məsələ indi diqqət mərkəzindədir, çox həssas məsələdir. Əgər ABŞ və Rusiya ölkənizdəki radiolokasiya sistemindən istifadə ilə bağlı müraciət edirlərsə, bunun sizin üçün faydası və önəmi nədir?

- Bizim ABŞ və Rusiya ilə çox yaxşı münasibətlərimiz var və hər iki ölkə ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Buna görə də Rusiya Prezidenti Qəbələ radiolokasiya stansiyasından birgə istifadə məsələsi ilə bağlı mənə zəng edəndə, əlbəttə ki, mənim buna ilkin reaksiyam müsbət oldu. Belə ki, hesab etdim, bu, hər iki ölkə üçün yaxşı əməkdaşlıq ruhuna uyğun olacaqdır. Əgər bu, dünyada potensial təhlükələri azaltmağa, qlobal təhlükəsizliyə töhfə verməyə kömək edərsə, biz bunu etməyə hazırıq. Belə ki, eyni zamanda, biz regionumuzda təhlükəsizliyin və proqnozlaşdırıla bilən vəziyyətin təmin olunması ilə bağlı bir çox proqramlarda iştirak edirik. Rusiya ilə radiolokasiya sisteminin icarəyə verilməsi barədə sazişimiz 2002-ci ildə imzalanmışdır və bu sazişin qüvvəsi 2012-ci ildə bitir. Sazişin 4-cü bölməsində açıq şəkildə deyilir ki, bu radiolokasiya stansiyasından istifadə ilə bağlı Rusiyanın istənilən üçüncü tərəflə əlavə sazişi Azərbaycanla razılaşdırılmalıdır. Buna görə də Rusiya Prezidentinin mənə zəng etməsi və fikirlərimi soruşması təbii bir şeydir və mən dedim ki, məsələyə münasibətim müsbətdir. Əgər bu fikir həyata keçirilərsə, bu zaman istər Rusiya, istərsə də ABŞ-la çox ciddi və ətraflı müzakirələr aparmalıyıq. Azərbaycan dünyada qlobal təhlükəsizlik işinə töhfə vermək üçün bu işdə istər ikitərəfli, istərsə də üçtərəfli formatda iştirak etməyə hazırdır.

- Bu formatdan istifadədə hansısa bir fayda görürsünüzmü?

- Bilirsiniz, biz siyasətimizi qısa və uzunmüddətli məqsədlər üzərində qururuq. Mən bu imkandan dərhal istifadə etməklə hansısa fayda axtarmaq istəməzdim. Mən hər iki ölkə ilə uzunmüddətli strategiyaya baxmağı üstün tutardım. Yalnız onda Azərbaycan daha çox fayda qazanacaqdır. Başqa sözlə, biz bu imkandan, sadəcə, özümüzə nə isə bir şey əldə etmək üçün yararlanmaq fikrində deyilik. Biz regionda möhkəm mövqeyi olan ölkəyik. İqtisadi mövqeyimiz çox güclüdür, ölkədə siyasi sabitlik bərqərar olmuşdur. Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Əminəm ki, diplomatik səylərlə və ya istənilən digər yolla biz bunu həll edəcəyik. Bir daha demək istəyirəm ki, radiolokasiya stansiyası ətrafındakı məsələyə münasibətimiz və müzakirələrimiz uzunmüddətli strateji maraqlarımıza əsaslanacaqdır.

- Bəs bu məsələdə İran amili barədə nə deyə bilərsiniz? İran bundan məyus ola bilərmi?

- Bizim İranla da yaxşı münasibətlərimiz vardır. Biz qonşuyuq, iqtisadi məsələlərdə güclü münasibətlərimiz var, siyasi, mədəni əlaqələrimiz çox müsbətdir. Buna görə hesab etmirəm ki, hər hansı bir problem olacaqdır. Bundan başqa, radiolokasiya stansiyasından istifadə barədə danışmaq hələ tezdir. İlk növbədə, ABŞ və Rusiya arasındakı danışıqların necə getdiyini görməliyik. Lakin əgər onlar uğurlu olarsa, onda görəcəyik. Lakin biz hesab etmirik ki, radiolokasiya sistemi ilə bağlı hər hansı əlavə infrastrukturun inkişafına ehtiyac var. Rusiya Prezidentinin mənə verdiyi təklif stansiyadan informasiyanın ötürülməsi ilə bağlı idi. Azərbaycan heç zaman öz dostları və qonşularının maraqlarına zərər gətirəcək addım atmayacaqdır.

- Bu o deməkdir ki, burada hər hansı müvafiq hərbi bazanın yerləşdirilməsi imkanı yoxdur?

- Xeyr, biz Azərbaycanda hər hansı hərbi bazanın yerləşdirilməsi məsələsini nəzərdən keçirmirik.

- Siz dost ölkələr ilə GUAM çərçivəsində əməkdaşlıq edirsiniz. Bu təşkilata böyük önəm verirsiniz. Çox ölkələr Avropa ilə inteqrasiyaya maraq göstərir. Bəzilərinin dediyi kimi, Avropa İttifaqına qoşulma NATO-ya üzvlüyə aparır. Bu məsələdə Azərbaycanın mövqeyi nədən ibarətdir?

- Mövqeyimiz real əsaslara söykənir. Biz NATO və Avropa İttifaqı ilə çox səmərəli əlaqələr qurmuşuq. NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində əməkdaşlıq edirik. Bu “Sülh naminə tərəfdaşlıq” proqramından sonra irəliyə doğru çox mühüm bir addımdır. Bizim konstruktiv əlaqələrimiz var. Misal üçün, əsgərlərimiz NATO qoşunları ilə birgə Əfqanıstanda və Kosovoda çiyin-çiyinə xidmət edirlər. Biz dünyada qlobal sülh və təhlükəsizlik işinə töhfə veririk. Artıq dediyim kimi, Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışıq. Bundan əlavə, keçən il Avropa İttifaqı ilə ölkəmiz arasında Yeni qonşuluq siyasəti çərçivəsində 5 illik tədbirlər planı imzalamışıq. Bu plan qarşıdakı 5 il ərzində bizə imkan verəcək ki, iqtisadi, sosial, siyasi həyat meyarlarımızı Avropa meyarlarına daha da yaxınlaşdıraq. Növbəti addımın nə olacağını görəcəyik. Əgər Avropa İttifaqı Azərbaycanın üzvlüyünü ciddi şəkildə nəzərdən keçirərsə, əlbəttə ki, biz bundan məmnun olacağıq. Lakin hesab edirəm ki, bu gün bu və ya digər təşkilata üzvlük məsələsini bəyan etmək tezdir. Nə Azərbaycan, nə də təşkilatlar buna hazırdır. Ona görə də biz bu elementdən siyasi məqsədlərlə istifadə etmirik, siyasətimizi real faktlar üzərində qururuq. Bu əməkdaşlığın gələcəyinin necə olacağını görəcəyik. Təşkilat buna hazır olmalıdır. Əgər davamlı olaraq təkrar etsək ki, biz üzv olmaq istəyirik, daim “qapını döysək” və heç bir cavab eşitməsək, bu, yaxşı nəticə verməz. Biz ləyaqətlə, qürur hissi ilə və tərəfdaşlıq ruhunda hərəkət edirik. Əməkdaşlığımızın bugünkü səviyyəsi hər iki tərəf üçün qənaətbəxşdir və onun genişləndirilməsini davam etdiririk.

- Necə fikirləşirsiniz, Avropaya inteqrasiya sizə hansı fayda gətirir? Mən formal deyil, bütün istiqamətlərdə inteqrasiyanı nəzərdə tuturam.

- Biz Avropaya inteqrasiya siyasətini həyata keçiririk. Avropa Şurasının üzvüyük. Biz bunu könüllü şəkildə etmişik. Heç kəs bizi Avropa Şurasına üzv olmağa məcbur etməmişdi. Özümüz bunu etmişik. Çünki biz meyarlarımızın Avropa meyarlarına yaxın olmasını istəyirik. Avropa İttifaqının təcrübəsi dünyada ən səmərəli təcrübələrdən biridir. Siyasi inkişaf sistemi, iqtisadi inteqrasiya, güclü sosial müdafiə - biz bütün bunları Avropa İttifaqında görürük. Eyni zamanda, humanitar aspekt. Beləliklə, biz bundan faydalanmaq istəyirik. Hazırda biz artıq fiziki olaraq Avropaya qonşuyuq. Rumıniya və Bolqarıstan Avropa İttifaqının üzvü olduqdan sonra təşkilatın sərhədləri Qara dəniz sahillərinə çatmışdır. Deməli, biz artıq qonşuyuq. Biz yalnız coğrafi baxımdan deyil, mahiyyət baxımından da Avropaya yaxın olmaq istəyirik.

- GUAM-ın rolu barədə nə deyə bilərsiniz? Bu təşkilatın məqsədi nədən ibarətdir? GUAM necə inkişaf etdirilməlidir? Gələn həftə ölkənizdə GUAM-ın zirvə görüşü keçiriləcəkdir. Bu tədbirə yalnız GUAM-ın üzvü olan ölkələr deyil, başqa iştirakçılar da gələcəkdir.

- GUAM çox mühüm beynəlxalq təşkilata çevrilir. O, 10 il bundan qabaq çox çətin bir siyasi vəziyyətdə yaradılmışdır. Lakin hesab edirəm ki, indi GUAM özünün ikinci, çox mühüm inkişaf mərhələsindədir. Üzv ölkələr bir-birləri ilə çox yaxındırlar. Bundan əlavə, biz hazırda çox mühüm enerji, nəqliyyat proqramları, siyasi dialoq, əməkdaşlıq üzrə proqramlar üzərində çalışırıq. Çox şadam ki, başqa dost ölkələr, Avropa İttifaqının üzvləri GUAM-a böyük maraq göstərirlər. Bu onu göstərir ki, GUAM artıq çox ciddi beynəlxalq təşkilata çevrilir. Biz BMT-də dondurulmuş münaqişələrə, separatçı hərəkatlara dair təşəbbüslər həyata keçirmişik. Regional əməkdaşlıq proqramlarına cəlb olunmuşuq. GUAM-a üzv olan ölkələr arasında möhkəm ikitərəfli əlaqələr vardır. Bu təşkilatın məqsədi əməkdaşlıq, inkişaf, demokratiya, iqtisadi müstəqillikdir və biz bunun tərəfdarıyıq. Biz bu təşkilatda mühüm rol oynamaqda davam edəcəyik. Əminəm ki, yaxın günlərdə keçiriləcək sammit bu istiqamətdə çox güclü addım olacaqdır.

- GUAM çərçivəsində sülhməramlı qüvvələrin yaradılmasına dair söhbətlər var. Bu, mümkündürmü?

- Bu məsələ müzakirə olunmaqdadır. Müzakirələrin nəticəsinin necə olacağını görəcəyik. Mən şəxsən hesab edirəm ki, bu mərhələdə biz fikrimizi əsasən iqtisadiyyat, enerji, nəqliyyat və inteqrasiya aspektləri üzərində cəmləşdirməliyik. Əlbəttə ki, gələcəkdə tərəfdaşlarımız ilə müzakirələrdə bu aspekt də olacaq və nə etməyin mümkün olacağını görəcəyik.

- İndi Dağlıq Qarabağ ilə bağlı sual vermək istəyirəm. Siz Ermənistan Prezidenti ilə görüşmüsünüz. Çoxları deyirdi ki, yeni addım var, məsələ həllə doğru gedir. Sizin gözləntiləriniz nədən ibarətdir? Məsələnin gələcək həllini necə görürsünüz?

- Bu, indiyə kimi çox qeyri-konstruktivlik, qeyri-səmimilik nümayiş etdirən və münaqişənin dinc yolla həllinin tapılmasına imkan verməyən Ermənistandan asılı olacaqdır. Dinc yolla nizamlamaya yalnız beynəlxalq hüquq əsasında nail olmaq mümkündür. Ərazi bütövlüyümüz bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr, BMT də daxil olmaqla, bütün beynəlxalq birlik tərəfindən tanınır. Bu, əsas prinsipdir. Ermənistanın işğalçı qüvvələri bütün işğal edilmiş ərazilərimizdən çıxarılmalıdır. Məcburi köçkünlərimiz öz torpaqlarına qaytarılmalıdır. Dağlıq Qarabağın gələcək statusunun nə olacağı barədə isə qərar veriləcək, bu məsələ danışıqlarda müzakirə olunacaqdır. Dünyada mövcud olan muxtar qurumların müsbət təcrübəsini araşdıracağıq. Biz dəfələrlə bildirmişik ki, Dağlıq Qarabağda yaşayan ermənilərə və oraya geri dönəcək azərbaycanlılara yüksək muxtariyyət statusu verməyə hazırıq. Beləliklə, bunlar əsas prinsiplərdir. Biz heç zaman Dağlıq Qarabağın ayrılması, müstəqilliyi ilə, 10, 20 və ya 100 ildən sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verə biləcək hər hansı bir formula ilə razılaşmayacağıq. Dağlıq Qarabağda “referendum” barəsində möhtəkirlik edərək, orada 10 ildən sonra belə bir referendum keçiriləcəyini deyənlər yanılırlar. Bu insanlar ya danışıqların məzmunundan xəbərsizdirlər, yaxud da bundan xəbərləri var, lakin ictimai rəyi azdırmağa çalışırlar. Bu, heç zaman baş verməyəcəkdir. Nə baş verə bilər?! Dağlıq Qarabağda əhalinin təhlükəsizliyi sülhməramlı qüvvələr tərəfindən təmin olunacaq, Dağlıq Qarabağ Ermənistanla hazırda qeyri-qanuni istifadə edilən Azərbaycan ərazisi - Laçın dəhlizi vasitəsilə quru əlaqəsinə malik olacaq, qaçqın-köçkünlər geri qayıdacaq, sonra isə biz hüquqi statusun nə olacağına baxacağıq. Lakin bu status yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yüksək özünüidarə hüququ verilməklə müəyyənləşdiriləcəkdir.

- Son sualım demokratikləşmə ilə bağlıdır. İqtisadiyyatınızda güclü artım mövcuddur. Bəzən qərbdən ölkənizdə demokratikləşmə ilə bağlı tənqidlər səslənir. Ola bilsin ki, eyni zamanda, sosial strukturdakı gəlirlərdə fərqlər problemi də mövcuddur. Bu problemləri necə həll etmək fikrindəsiniz?

- Biz siyasi islahatlar ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu əməkdaşlıq çox konstruktivdir. Hesab edirəm ki, müstəqillik qazandıqdan sonrakı 15 il ərzində Azərbaycan demokratik inkişaf sahəsində çox böyük uğurlar qazanmışdır. Biz totalitar sistemdən açıq sistemə keçmişik. Burada bütün siyasi azadlıqlar, təsisatlar, siyasi partiyalar, mətbuat azadlığı, fikir və söz azadlığı mövcuddur. Biz Avropa Şurası kimi təşkilatlara üzv olmuşuq və siyasi islahatlarla bağlı öhdəliklər götürmüşük. Avropa İttifaqı ilə qonşuluq siyasəti çərçivəsində 5 illik tədbirlər planı imzalamışıq. Bu, bizim hədəfimiz, məqsədimizdir. Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. Bütün bunlar bu gün baş verir. Əlbəttə ki, bizdən dünyanın inkişaf etmiş ölkələrinin malik olduğu siyasi inkişaf səviyyəsini tələb etmək çox ədalətsiz olardı. Belə ki, müstəqillik əldə ediləndən çox az zaman, cəmi 15 il keçibdir.

Lakin çox böyük və əhəmiyyətli irəliləyiş var. Haqlı tənqidi biz qəbul edirik və onun üzərində çalışırıq. Haqsız olan və bəzi təşkilatların və ölkələrin Azərbaycan ilə bağlı maraqlarına söykənən tənqidləri qəbul etmirik. Biz bərabər hüquqlu tərəfdaşlığı qəbul edirik, münasibətlərimizi qarşılıqlı hörmət, qarşılıqlı inam, əməkdaşlıq üzərində qururuq və çox uğurla fəaliyyət göstəririk. Beləliklə, Azərbaycanda demokratik proseslərin səviyyəsi çox yüksəkdir.

Gəlirlər arasında fərq məsələsinə gəldikdə, biz bu fərqi azaltmağa çalışırıq. Hazırda bu proses gedir, daha çox insan zənginləşir, çoxları isə yoxsulluq vəziyyətindən çıxır. Proses bu cür gedir. Biz zənginlərlə yoxsullar arasındakı fərqi zənginlərin yoxsullaşması hesabına azaltmaq istəmirik, biz yoxsulların zənginləşməsini istəyirik. İqtisadi göstəricilərimiz, sənaye istehsalı, ÜDM-in artımı, yoxsulluq səviyyəsinin aşağı salınması, iş yerlərinin açılması, infrastruktur layihələri - hər şey Azərbaycan xalqının daha yaxşı yaşaması məqsədini daşıyır. Əgər insanların gəlirlərinin illik artımına baxsaq görərik ki, 2007-ci ilin birinci rübündə 2006-cı ilin birinci rübünə nisbətən 35,2 faiz artım olmuşdur. Bu, çox yüksək rəqəmdir. Qarşıdan gələn illərdə biz imkanlardan istifadə edərək güclü, hər bir insanın xoşbəxt və firavan yaşadığı ölkə quracağıq. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur