AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 25-də ABŞ-ın dövlət katibi xanım Kondoliza Rays Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunmuşdur.
Dövlət katibi Kondoliza Rays bildirmişdir ki, o, Kazan Sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan prezidentləri arasında aparılacaq danışıqlara mühüm əhəmiyyət verir və ümid edir ki, bu danışıqlar münaqişənin sülh yolu ilə həlli işinə kömək edəcəkdir.
Prezident İlham Əliyev öz növbəsində Kazanda Ermənistan Prezidenti ilə danışıqların əhəmiyyətini qeyd edərək, bu danışıqların müsbət nəticə verə biləcəyinə ümidvar olduğunu bildirmişdir.
Söhbət zamanı həmçinin Azərbaycandakı ümumi vəziyyət, o cümlədən qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Dövlətimizin başçısı və ABŞ-ın dövlət katibi qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etmişlər.