AZƏRBAYCAN PREZİDENTİNİN PROQRAM XARAKTERLİ NİTQİNDƏ QARŞIYA BÖYÜK VƏZİFƏLƏR QOYULMUŞDUR
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də keçirilən və Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında ölkəmizin başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələr Samux rayon fəallarının toplantısında geniş müzakirə edilmişdir.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məruzə ilə çıxış edərək respublikamızda qazanılan uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi sahəsində Samux rayonunda görülən işlərdən danışmış, Nazirlər Kabinetinin iclasında ölkə başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işləri təhlil etmişdir.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Əvəz Hacıyev, qaz-istismar idarəsinin rəisi Rəhim Hüseynov, təhsil şöbəsinin müdiri Hidayət Əhmədov, rayon suvarma sistemləri idarəsinin rəisi Gülağa Bağırov və başqaları çıxış edərək, rayon iqtisadiyyatının yarımillik vəziyyətini təhlil etmiş, qazanılan uğurlarla yanaşı həlli vacib məsələləri də vurğulamışlar.
Qeyd olunmuşdur ki, əsasən kənd təsərrüfatı rayonu olan Samuxda ötən 6 ay ərzində aqrar sahənin inkişafı üçün xeyli iş görülmüşdür. Bu müddət ətzində 9 milyon 103 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 849 min manat çoxdur. Rayonda 4723 hektar sahədən 10544 ton taxıl biçilərək hər hektardan 22,3 sentner məhsul götürülmüşdür.
Kənd təsərrüfatının digər sahələrində də işlərin gedişini təhlil edən natiqlər demişlər ki, kartof, tərəvəz, meyvə, habelə ət və süd məhsulları istehsalında da sanballı göstəricilərə nail olunmuşdur. Dövlət Proqramına uyğun olaraq rayonda üzümçülüyün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, bağların sahəsi 500 hektardan 1000 hektara çatdırılmışdır. Hazırda daha 800 hektar üzüm bağının salınması üçün hazırlıq işləri aparılır.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən yarım ildə rayonda 15 milyon 150 min manat məhsul istehsal edildiyini bildirən məruzəçi və çıxış edənlər daha sonra demişlər ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 583 min manat çoxdur. Bu yüksəliş həm insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərmiş, həm də büdcəyə daxilolmaların artması hesabına sosial infrastrukturun yeniləşməsinə imkan yaranmışdır. Əldə olunan gəlirlər hesabına rayon məktəblərinin, səhiyyə və mədəniyyət ocaqlarının bir qismi təmir edilmiş, yeni park və xiyabanlar salınmış, küçə və məhəllələr abadlaşdırılmışdır.
Yığıncaqda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında söylədiyi tənqidi fikirlərə də münasibət bildirilmiş və mövcud nöqsanların aradan qaldırılması üçün rayonda görüləcək işlərə dair tədbirlər planı təsdiq edilmişdir.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mikayıl Hüseynov toplantıda iştirak etmişdir.