AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMU KEÇİRİLMİŞDİR
Martın 25-də Südabə Həsənovanın sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmədən AZƏRTAC-a bildirmişlər ki, plenumda “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi cəhətləri haqqında” məsələ müzakirə edilmişdir.
Ali Məhkəmənin sədri plenumu açaraq vurğulamışdır ki, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı bu qəbildən olan iddialara məhkəmələrdə baxılması işinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. İndi məhkəmələr sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan işlərə əsasən vaxtında və düzgün baxır, həmin işlər üzrə əsaslı və qanuni məhkəmə aktları qəbul edirlər. Bu da iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarlar qəbul edilməsi hallarını aradan qaldırır, sahibkarlıq fəaliyyətinin yaxşılaşmasına, sahibkarlıq potensialından daha səmərəli istifadə edilməsinə şərait yaradır. Lakin qeyd edilənlərlə yanaşı, bu sahədə nöqsanlar da vardır.
Müzakirə olunan məsələ ilə əlaqədar Ali Məhkəmənin hakimi Şahmurad Hidayev məruzə, habelə İqtisad Məhkəməsi sədrinin müavini Sərvət Hüseynov, Apellyasiya Məhkəməsinin kollegiya sədri Asif Allahverdiyev, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin sədri Rasim Hüseynov, respublikanın baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və başqaları çıxış etmişlər.
Məruzəçi və çıxış edənlər göstərmişlər ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunvericiliyin düzgün tətbiq olunması üçün görülən tədbirlərlə yanaşı, bu qəbildən işlərə baxılarkən bəzən maddi və prossesual hüquq normalarının pozulması, qanunun tələblərinə cavab verməyən məhkəmə aktlarının qəbul olunması hallarına təsadüf edilir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə iddia ərizələrinin icraata götürülməsində, aidiyyatı məsələlərin həllində, apellyasıya və kassasiya şikayətlərinin qəbulunda, icarə və borc münasibətlərini nizama salan qanunların tətbiqində nöqsanlara yol verilir.
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılmasında qanun pozuntularına və nöqsanlara yol verilməsinin qarşısını almaq, qanunların eyni cür tətbiqini təmin etmək və vahid təcrübə yaratmaq məqsədi ilə plenum geniş qərar qəbul etmişdir.
Bundan başqa, plenumda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci ildəki fəaliyyəti haqqında İqtisad Məhkəməsi sədrinin müavini Sərvət Hüseynovun və Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmənin sədri Mahmud Nəbiyevin məlumatları dinlənilmişdir.
Plenumda hər iki məhkəmənin fəaliyyəti geniş təhlil edilməklə qeyd olunmuşdur ki, keçirilmiş məhkəmə islahatından sonra bu məhkəmələrin işində yaxşılığa doğru xeyli dönüş yaranmışdır.
Lakin həmin məhkəmələrin bəzi hakimlərinin fəaliyyətində nöqsanlar da olmuşdur ki, bu da bir neçə hakimin haqqında Ali Məhkəmənin müvafiq kollegiyaları tərəfindən xüsusi qərarlar çıxarılmasına və onların intizam məsuliyyətinə cəlb edilmələrinə səbəb olmuşdur.
Bunlardan başqa, plenumda əlavə kassasiya şikayətlərinə əsasən konkret işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində respublikanın yerli iqtisad məhkəmələrinin və Bakı şəhəri rayonları məhkəmələrinin sədrləri, respublikanın baş prokuroru Zakir Qaralov və ədliyyə naziri Fikrət Məmmədov iştirak etmişlər.