AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarına ilk dəfə işə qəbul edilmək istəyən şəxslər üçün 60 ştat vahidi üzrə müsabiqə keçirilmişdir. Daha layiqli namizədlərin seçilməsi məqsədi ilə müsabiqə test imtahanı və söhbətdən ibarət olmuşdur.
Sentyabrın 10-da keçirilmiş test imtahanında 283 namizəd iştirak etmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilən imtahanın aşkarlıq şəraitində, şəffaf prosedurlarla və beynəlxalq tələblərə uyğun aparılmasını təmin etmək üçün Dövlət Qulluğunu İdarəetmə və Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq şuralarının, BMT-nin, Avropa Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın Azərbaycandakı səfirliklərinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun (SOROS), habelə digər dövlət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmiş, imtahanın gedişi mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.
Qanunvericiliyin tələbinə uyğun olaraq, test imtahanının nəticələrinə görə 50 və daha artıq bal toplamış 168 namizəd müsabiqənin növbəti mərhələsinə - söhbətə buraxılmışdır.
Test imtahanını müvəffəqiyyətlə vermiş namizədlərin hazırlığını, dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləməyə yararlı və layiqli olmasını və digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədi ilə sentyabrın 27-dən noyabrın 2-dək Baş prokurorun müavininin rəhbərlik etdiyi, idarə və şöbə rəislərinin daxil olduqları Müsabiqə Komissiyası tərəfindən söhbət aparılmışdır.
Söhbətin gedişində hər bir namizədə bilik səviyyəsinin və şəxsi keyfiyyətlərinin aşkara çıxarılması məqsədi ilə eyni imkanlar yaradılmış və söhbətin nəticələri komissiya tərəfindən obyektiv qiymətləndirilmişdir.
Test imtahanının və söhbətin nəticələri həmin gün namizədlərə rəsmi şəkildə elan olunmuşdur.
Namizədlərin hər iki mərhələdə topladıqları ballar hesablanmış və daha yüksək bala malik 60 namizəd seçilmişdir.
Test imtahanının nəticəsi ilə əlaqədar iki, söhbətlə əlaqədar isə bir şikayət daxil olmuşdur. Apellyasiya komissiyası həmin şikayətlərə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə, şikayət etmiş şəxslərin iştirakı ilə baxmış və onların şikayətlərinin əsassız olması barədə yazılı cavablar vermişdir.
Müsabiqənin nəticələri göstərmişdir ki, test imtahanları və söhbət mütəşəkkil və obyektiv keçirilmiş, aşkarlıq və şəffaflıq təmin edilmiş, bu proseslər beynəlxalq tələblərə uyğun aparılmış, daha layiqli və zəruri peşə keyfiyyətlərinə malik şəxslər seçilmişdir.
Müsabiqəyə yekun vurularkən məlum olmuşdur ki, seçilmiş namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır. Müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin 17-si ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirənlər, 15-i qaçqın və məcburi köçkün ailəsindən olanlardır. Seçilmiş şəxslərin orta yaş həddi təxminən 25-dir. Onların 28,3 faizi ali təhsil müəssələrini yeni bitirmiş məzunlar, 35 faizi məhkəmə və hüquq mühafizə orqanlarında texniki işdə çalışanlar, 11,7 faizi başqa sahələrdə işləyənlər, 25 faizi isə müxtəlif səbəblərdən işləməyənlərdir.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş 60 şəxs prokurorluq orqanlarında stajor qismində işə qəbul edilmişdir. Onların siyahısı Baş Prokurorluğun qəbul otağında asılmışdır.