AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyunun 21-də Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev sədrlik edirdi. Məhkəmədə Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum Aktının layihəsinə rəy verilməsinə dair ölkə Prezidentinin 2002-ci il 14 iyun tarixli 1/287 saylı müraciətinə baxılmışdır.
İş üzrə hakimlər Eldar Məmmədovun və Rafael Qvaladzenin məruzələri, maraqlı subyektin qanuni nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin çıxışı dinlənilib müzakirə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qərara aldı ki, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur.