AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ BANKININ KOLLEKTİVİNƏ
Hörmətli bank işçiləri !
Azərbaycan Respublikası Milli Bankının yaradılmasının on beş ili tamam olur. Bu əlamətdar gün münasibətilə Milli Bankın kollektivini, bütünlükdə ölkəmizin bank ictimaiyyətini ürəkdən təbrik edir, məsul və şərəfli işlərində uğurlar arzulayıram.
Müstəqil Azərbaycanın Milli Bankı ötən dövr ərzində suveren iqtisadi siyasətin gerçəkləşdirilməsində, bazar prinsipləri əsasında yeni təsərrüfat münasibətlərinin formalaşmasında və milli pul-kredit siyasətinin aparılmasında son dərəcə əhəmiyyətli rol oynamışdır.
Milli bank sisteminin təşəkkülü və inkişafı yeni Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda qısa tarixi dövr ərzində bank quruculuğu sahəsində əhəmiyyətli nəticələr əldə olunmuş, müvafiq qanunvericilik bazası yaradılmış, özəl bank sektoru inkişaf etmiş, bank sisteminin sağlamlaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilmiş, çoxseqmentli valyuta bazarı formalaşmış, qabaqcıl bank xidmətləri göstərilməyə başlanmış, müasir korporativ idarəetmə mədəniyyəti təşəkkül tapmışdır. Bu gün ölkəmizdə həyata keçirilən bütün sosial-iqtisadi proqramların gerçəkləşdirilməsində bank sektoru həlledici rol oynayır.
Son vaxtlar maliyyə-bank infrastrukturunun daha da təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirilir. Ödəniş sisteminin müasirləşdirilməsində, yeni informasiya texnologiyalarının və elektron bankçılıq təcrübəsinin tətbiqində, peşəkar bank mütəxəssisləri heyətinin hazırlanmasında əhəmiyyətli nəticələr əldə edilmişdir. Yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılması son dövrdə həyata keçirilən mühüm milli layihələrdən biri olmuşdur.
İndi ölkəmiz dinamik inkişaf mərhələsinə qədəm qoyur. Genişmiqyaslı sosial və infrastruktur layihələr həyata keçirilir, bütövlükdə sosial-iqtisadi sistem yeniləşir, iqtisadiyyatımız dünya təsərrüfat sisteminə sıx inteqrasiya olunur. Bütün bunlar Milli Bankın və ümumiyyətlə, bank sektorunun qarşısında daha məsuliyyətli vəzifələr irəli sürür. Ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə və makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş fəaliyyət ardıcıl olaraq və qətiyyətlə davam etdirilməlidir.
Əlamətdar gün münasibətilə Milli Bankın kollektivini bir daha təbrik edir və dövlətimizin tərəqqisi naminə məsul vəzifələrin icrasında uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
15 fevral 2007-ci il.