AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara və şəhid ailəsi üzvlərinə verilən müavinətlərin artırılması haqqında” Fərman imzalamışdır.
Fərmana əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində aylıq müavinətləri 130 min manat, Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə müavinətin məbləği 60 min manat məbləğində müəyyən edilmişdir.