AZƏRBAYCAN RESPUBLİKASINDA YAŞILLIQLARIN SALINMASI SAHƏSİNDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin edən idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində ölkədə yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyəti təsis edilsin.
2. “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi;
2.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə:
2.2.1. Cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;
2.2.2. Cəmiyyətin strukturunun, aparatının işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;
2.2.3. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2.4. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.2.5. Cəmiyyətdən daxil olan təkliflərə baxılması və öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
2.2.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi;
2.2.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
2.3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə:
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;
2.3.2. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Cəmiyyətin Nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.
5. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 1-ci bəndində göstərilən işlər və xidmətlər Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.