CƏMİYYƏT
AZƏRBAYCAN RESPUBLİKASININ GÜRCÜSTANDAKI SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
Tbilisi, 1 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı İlməzli kəndində iftar süfrəsi açılmışdır.
Rayonun Kosalı kəndindəki mədrəsənin müdiri Əşrəf Tapdoğan mübarək Ramazan ayı münasibətilə iştirakçıları təbrik etmişdir. Sonra o, Qurani-Kərimdən surələr oxumuş, orucluğun savabı barədə ayələrdən misallar gətirmişdir.
Kaxeti bölgəsinin Saqareco rayonundan gəlmiş qonaqlar - Xəlil Qaraçöp və Eltac Qayıbovun gözəl avazla ifa etdikləri azan mərasim iştirakçılarını heyran etmişdir.
Gürcüstan Aşıqlar Birliyinin rəhbəri şair Dərviş Osman müqəddəs kitabımızın nazil olduğu Ramazan ayının vacib məqamlarına diqqət çəkmiş, iftar süfrəsi təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, ətraf kəndlərdən nümayəndələr də iştirak etmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi