AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasda əvvəlcə Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli iclas protokolu təsdiq edilmişdir. “Birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə (ərazi) seçki komissiyasının üzvlüyünə irəli sürülmüş şəxslərin təsdiq edilməsi haqqında” Komissiyanın katibi İnqilab Nəsirovun məlumatı dinlənildikdən sonra bu məsələ səsə qoyularaq təsdiq olunmuşdur. Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov “Azərbaycan naminə Alyans Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Səmədov Abutalıb Qənbər oğlunun namizədliyinin təsdiq olunması haqqında” məlumat vermişdir. Bu məsələ barəsində qərar qəbul olunmadığına görə məsələnin müzakirəsi növbəti iclasa keçirilmişdir. İclasda daha sonra, “Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq üçün işçi qrupu haqqında Əsasnamə” müzakirəyə çıxarılmışdır. Bu sənəd komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla əsas kimi qəbul olunmuşdur. Sonda Komissiyanın katibi İnqilab Nəsirov “İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi haqqında” məlumat vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Maliyyə və Vergi Nazirlikləri tərəfindən təklif olunmuş ekspert-mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdir. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov səs çoxluğu ilə işçi qrupunun sədri seçilmişdir. İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Bakı ofisinin, İsrailin, ABŞ-ın, Yaponiyanın Bakıdakı səfirliklərinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərkəzi Seçki Komissiyasının Mətbuat xidməti.