AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
Azərbaycan Prezidenti görüşdən sonra jurnalistlərə məlumat verərək demişdir ki, işgüzarlıq və mehribanlıq şəraitində keçən görüş zamanı hər iki dövlət üçün maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi edilmişdir. ABŞ Prezidenti sentyabrın 20-də Bakıda imzalanmış neft müqaviləsini yüksək qiymətləndirərək, həmin mərasimdə şəxsən iştirak edə bilməməsindən təəssüfləndiyini söyləmişdir. Cənab Bill Klinton əmin olduğunu bildirmişdir ki, altı ölkənin səkkiz şirkətinin birgə imzaladığı neft müqaviləsi tərəflərin hamısına böyük fayda gətirəcək, müstəqil Azərbaycan Respublikası üçün isə xüsusilə xeyirli olacaqdır.
Azərbaycan dövlətinin başçısı ABŞ Prezidentinə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yaranmış konkret reallıqlardan söhbət açmış, Ermənistanın hərbi təcavüzünün nəticələrini bilavasitə xəritədə göstərmişdir. Heydər Əliyev münaqişənin aradan qaldırılması barədə Azərbaycanın ədalətli mövqeyini şərh etmişdir.
Cənab Bill Klinton münaqişədə olan tərəflər arasında əldə edilmiş atəşkəsi razılıqla qarşıladığını söyləyərək, onun dörd aydan artıq müddətə davam etməsini, sülh danışıqları istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini, Azərbaycan Prezidentinin mövqeyini müdafiə etdiyini bildirmişdir. Amerika dövlətinin başçısı həmçinin demişdir ki, Rusiya Prezidenti Boris Yeltsinlə Vaşinqtonda görüşü zamanı həmin məsələlərdən də söhbət açacaqdır.
Azərbaycan Prezidenti Şuşa və Laçın rayonlarının Ermənistan Silahlı Qüvvələrindən təmizlənməsini respublikamız üçün prinsipial məsələ kimi irəli sürmüşdür.
Qeyd edək ki, bu ilin dekabrında Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri gözlənilir.
Burada jurnalist dairələrində yayılan məlumatlarda deyilir ki, dünyanın tanınmış siyasətçiləri Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin mövqeyini indi daha obyektiv və real mövqe sayırlar. Birləşmiş Ştatların keçmiş SSRİ-dəki fövqəladə və səlahiyyətli səfiri olmuş Robert Straus Azərbaycan rəhbərinin təcrübəli diplomat olduğunu söyləyərək demişdir ki, Prezident özünün qəti mövqeyini bildirmişdir və ciddi siyasətçilər bu mövqe ilə yəqin ki, gec-tez razılaşmalı olacaqlar.
Sentyabrın 27-də Azərbaycan Prezidenti Heydər Əliyevin bir sıra ölkələrin xarici işlər nazirləri və “Çeyz manhetten bank”ın rəhbərləri ilə də görüşləri olmuşdur.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York