RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
Heydər Əliyevin Fransa xarici işlər naziri Alen Jüppe ilə görüşü konkretliyi və açıqlığı ilə diqqəti cəlb etmişdir. Nazirin “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün sülh sazişinin imzalanmasına mane olan nədir?” sualına cavabında Prezident Heydər Əliyev ölkəmizin prinsipial şərtlərini, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması, ərazi bütövlüyümüzün təmin edilməsi, Şuşa və Laçın rayonları da daxil olmaqla, Azərbaycanın öz ərazisinə tam nəzarət etməsi, Laçın rayonu ərazisindən verilə biləcək dəhlizin beynəlxalq qüvvələrin nəzarəti altında olması və bütün bunlardan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərtlərini bir daha xatırlatmışdır. Fransanın Ermənistanla yaxşı münasibətlərini olduğunu qeyd edən Alen Jüppe qəti şəkildə bildirmişdir ki, Fransa bu məsələdə Azərbaycan Respublikasının mövqeyinə tərəfdardır və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasına dair Prezident Heydər Əliyevin prinsipial mövqeyini müdafiə edir. Görüdüyü kimi, Ermənistanla yaxın münasibətləri olan Fransa kimi bir dövlət də obyektiv reallıqla razılaşır. Bu isə dünya birliyində Azərbaycana münasibətin müsbət istiqamətdə dəyişməsinin daha bir əlamətidir.
Söhbət zamanı Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq haqqında imzalanmış sazişin yerinə yetirilməsi barədə konkret fikir mübadiləsi də olmuşdur. Fransa naziri bildirmişdir ki, imka düşən kimi Azərbaycana səfər edəcəkdir.
1994-cü il sentyabrın 29-u Müstəqil Azərbaycan Respublikasının tarixinə ən yaddaqalan günlərdən biri kimi daxil olacaqdır. Xəbər verdiyimiz kimi, həmun gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 49-cu sessiyasında çıxış etmişdir. Gənc, müstəqil dövlətimizn rəhbərinin təxminən 50 dəqiqə çəkən çıxışı böyük diqqətlə dinlənilmiş, sessiya iştirakçılarına dərin təsir bağışlamışdır.
Azərbaycan rəhbəri Baş Məclisin sessiyasında çıxışından dərhal sonra BMT-də mətbuat konfransı keçirmişdir. Mətbuat konfransını BMT Baş katibinin ictimai informasiya məsələləri üzrə müavini Samir Sanbar açmışdır. Heydər Əliyev jurnalistlərə respublikamızdakı vəziyyət, Nyu-Yorkda keçirdiyi görüşlər barədə danışmış, axırda onların suallarına cavab vermişdir. Mətbuat nümayəndələrini Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları, Bakıda imzalanmış neft müqaviləsi xüsusilə maraqlandırırdı.
Sentyabrın 29-da Azərbaycan rəhbəri öz iqamətgahında Türkiyənin xarici işlər naziri Mümtaz Soysalı qəbul etmişdir.
Axşam neft şirkətləri adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə ziyafət verilmişdir.
Respublika Prezidenti Heydər Əliyev sentyabrın 30-da daha bir sıra görüşlər keçirmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York