AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ SENATININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimi salamlayan dövlətimizin başçısı son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə sürətlə inkişaf etməsinin ölkələrimizin strateji əməkdaşlıq prinsiplərinə əsaslandığını qeyd etdi. Azərbaycanda həyata keçirilən enerji layihələrinin təkcə region üçün deyil, ümumilikdə dünya miqyasında böyük əhəmiyyət daşıdığını vurğulayan Azərbaycan Prezidenti bu layihələrin reallaşmasında ABŞ hökumətinin xüsusi rolunu yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-la müxtəlif sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycan haqqında həqiqətlərin, ölkəmizin üzləşdiyi problemlərin Amerika ictimaiyyətinə, ABŞ-ın qanunvericiliyi və xarici siyasəti ilə birbaşa məşğul olan şəxslərə daha geniş şəkildə çatdırılması baxımından ölkələrimizin ali qanunvericilik orqanları arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı ABŞ-a səfərləri zamanı Senatda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında təkcə qanunvericilik sahəsində deyil, ümumiyyətlə, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı.
Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Bakıya səfər edən ABŞ Senatı nümayəndə heyətinin tərkibində çox nüfuzlu senatorların daxil olduğunu diqqətə çatdırdı. İkitərəfli münasibətlərə toxunan Ted Stivens bildirdi ki, Azərbaycanın Əfqanıstanda və İraqda antiterror koalisiyasında fəal iştirakı beynəlxalq terrorizmlə mübarizədə ABŞ-a tərəfdaş ölkə olduğunu bir daha nümayiş etdirir.
Bu səfərin Azərbaycan haqqında daha dolğun təəssürat yaratması baxımından çox böyük əhəmiyyət daşıdığını qeyd edən qonaq ABŞ administrasiyasının Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığının Senatda maraqla izləndiyini bildirdi. O, həmçinin ABŞ-ın aparıcı şirkətlərinin Azərbaycanın karbohidrogen yataqlarının birgə işlənilməsində fəal iştirakından məmnun olduqlarını söylədi.
Sonra ölkələrimizi maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Qəbulda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Amerikadakı səfiri Hafiz Paşayev, Amerikanın Azərbaycandakı səfiri Rino Harniş iştirak edirdilər.