AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININMÜDAFİƏ NAZİRİ DONALD RAMSFELDİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimi salamlayan dövlətimizin başçısı ABŞ müdafiə nazirinin Azərbaycana son səfərini məmnunluqla xatırlayaraq qeyd etdi ki, ABŞ administrasiyası, konqresi, senatı və digər hakimiyyət qollarının nümayəndələrinin ölkəmizə mütəmadi olaraq gəlişi ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini göstərir. İki müttəfiq ölkə olan Azərbaycanla ABŞ-ın dünya əhəmiyyətli məsələlərdə, o cümlədən qlobal enerji layihələrinin həyata keçirilməsi, təhlükəsizlik məsələləri və digər sahələrdə uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdıran Prezident İlham Əliyev bütün bu proseslərin bölgədə sülhün və əmin-amanlığın təmin olunması işinə xidmət etdiyini vurğuladı. Hərbi əməkdaşlıq məsələsinə toxunan dövlətimizin başçısı bu sahədə əlaqələrin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirdi. Ölkəmizin ABŞ-la münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni və bütün digər sahələrdə gələcəkdə də müttəfiqlik səviyyəsində daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, ABŞ müdafiə nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə xidmət edəcəkdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən ABŞ müdafiə naziri yenidən ölkəmizə səfər etdiyindən və Azərbaycan Prezidenti ilə görüşündən böyük məmnunluq ifadə etdi. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan qonaq Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakının, o cümlədən ölkəmizin Əfqanıstan və İraqda antiterror koalisiyasına yaxından dəstəyinin ABŞ rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini söylədi. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığının əhəmiyyətini vurğulayan ABŞ müdafiə naziri bu əməkdaşlığın Azərbaycanın NATO ilə, həmçinin ABŞ-la əlaqələrinin daha da genişləndirilməsi işinə xidmət etdiyini bildirdi.
Qəbulda ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.
Xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev, ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş qəbulda iştirak edirdilər.