AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bir olan Allahın adı ilə!
Zati-aliləri!
Biz, regionun islam, xristian və yəhudi ruhanilərini təmsil edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Sizi milyonlarla dindar adından səmimi qəlbdən salamlayır, Azərbaycan xalqının rifahı naminə, sülh və bütün Qafqazın xoşbəxt gələcəyi naminə Zati-alinizə İlahidən uğurlar arzulayırıq.
Azərbaycan torpağının qonaqpərvərliyindən dəfələrlə istifadə edən şəxslər olaraq, biz qədim diyarımızı sülh, həmrəylik, ümumi rifah məkanı kimi görməyi arzulayan, bu savab məqsədlərə çatmaqda din xadimlərinə xüsusi rol ayıran Qafqazın dahi ağsaqqalı, görkəmli siyasi xadim Heydər Əliyevi minnətdarlıqla xatırlayırıq. Biz sevinir və ruhlanırıq ki, Zati-aliniz Heydər Əliyevin müdrik siyasətini davam etdirərək və onun bəhrələrini artıraraq, mənəvi dirçəlişə xüsusi diqqət yetirir, inkişaf və tərəqqinin labüd şərtini bunda görürsünüz.
Bu baxımdan Azərbaycan Prezidentinin və Qafqaz müsəlmanları başçısının sıx əməkdaşlığı bütün ölkələr və xalqlar üçün nümunə, yaxşı örnək ola bilər. Biz Zati-müqəddəsləri Allahşükür Paşazadəni şeyxülislam mənsəbində fəaliyyətinin 25 illiyi ilə əlaqədar təbrik edərək, Tanrıya dua edirik ki, doğma xalqının və bütün çoxmillətli Qafqazın rifahı naminə o, Zati-alinizlə birlikdə hələ uzun illər səmərəli çalışsın.
Çox hörmətli cənab Prezident!
Biz xalqlarımız və Bir olan Allahın qarşısında öz məsuliyyətimizi və borcumuzu dərk edərək, aktual məsələləri qardaşcasına dialoqda müzakirə etmək, baş verən hadisələri qiymətləndirmək, insanların əmin-amanlığı və xoşbəxtliyi, bütün Qafqazda möhkəm sülhə və mehriban həmrəyliyə nail olmaq naminə əməkdaşlığın konkret yollarını müəyyənləşdirmək üçün Bakıda görüşdük.
Dini liderlər olaraq biz həmvətənlərimizin məruz qaldıqları məşəqqətləri ürəkağrısı ilə qarşılamışıq, milyonlarla insanı narahat edən problemlərdən heç vaxt kənarda qalmamışıq. Biz Müqəddəs Kitablarımızı əsas tutaraq, xalqları saysız-hesabsız əzab-əziyyətlərə və müsibətlərə düçar edən separatizm, təcavüz, terrorizm kimi antihumanist əməllərin hər cür təzahürlərini bu gün bir daha qətiyyətlə pisləyirik. Tam məsuliyyətlə bəyan edirik: bu bəlaları törədənlər nə kimi şüarlarla pərdələnsələr də, onlar xalqlarımızın ən qatı düşmənləridir, Qafqazın dincliyə və firavanlığa heç vaxt nail olmaması üçün hər şey edirlər.
Bakı görüşündə biz öz üzərimizə xalqa zidd bu qüvvələri ifşa etmək, aralarında aldanmış, yolunu azmış insanların heç də az olmadığı kütlələrə həqiqəti çatdırmaq üçün var qüvvəmizi sərf etmək kimi mənəvi öhdəliklər götürmüşük.
Biz aydın başa düşürük ki, milyonlarla qafqazlının müqəddəs arzu və istəklərinin gerçəkləşməsi üçün çox böyük səylər göstərmək lazımdır. Bunun üçün başlıca şərt həm siyasətçilərin, həm din xadimlərinin və ictimai xadimlərin, həm də öz xalqlarının xoşbəxt gələcəyi üçün can yandıran bütün insanların xoş məramının olmasıdır.
Biz, din xadimləri davakar separatizmə, azğın millətçiliyə və başqalarına nifrətə, təcavüz və terrorizmə qarşı, dövlətlərimizin ərazi bütövlüyünə təhlükə törədən, vətəndaş sülhünü sarsıdan, inkişaf və tərəqqiyə, xalqlarımızın mənəvi dirçəlişinə mane olan hər şeyə qarşı mübarizədə birləşərək, ölkələrimizin rəhbərlərini də bu cür birliyə çağırırıq. Əminik ki, belə koalisiya, ikili standartlar siyasətinə yol verməyən, həmsərhəd dövlətlərdə və öz ölkəsində separatizm təzahürlərini bir zəncirin halqaları kimi qiymətləndirən səylərin belə sıx birləşdirilməsi Qafqazda möhkəm sülhə nail olmaqda həlledici amil olacaqdır.
Zənnimizcə, problemlərin bütün kompleksini ətraflı və hərtərəfli müzakirə etmək, əlaqələndirilmiş fəaliyyət planı hazırlamaq üçün Rusiya, Azərbaycan, Gürcüstan prezidentlərinin, Rusiya Federasiyasının Şimali Qafqaz regionları liderlərinin adı çəkilən ölkələrin dini liderlərinin iştirakı ilə xüsusi görüşünün çox böyük əhəmiyyəti olardı.
Zati-aliləri əmin ola bilər ki, biz din xadimləri, deməli, həm də milyonlarla dindar həmişə sizinlə, ölkələrimizin hörmətli prezidentləri ilə olacaq, Qafqazda sülh və həmrəyliyə nail olmaqda sizə kömək edəcək və yardımçı olacaqdır.
Biz ürəkdən inanırıq ki, Ulu Yaradanın xeyir-duası ilə xalqlarımız səylərini birləşdirərək, müqəddəs arzu və istəklərinin təntənəsini yaxınlaşdıracaq, firavanlıq və xoşbəxtlik əldə edəcəklər.
Biz bunun üçün Qadir Tanrıya və Yaradana dua edir, təvəqqe edirik ki, Onun Ruhu bütün Qafqazın üzərindən əskik olmasın.
Dərin hörmət və ehtiramla,
Şeyxülislam A.PAŞAZADƏ,
Qafqaz Xalqları Ali Dini Şurasının sədri
İ.BERDİYEV,
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə
Mərkəzinin sədri
A.ABDULLAYEV,
Dağıstan Respublikasının müftisi
ALEKSANDR,
Bakı və Xəzəryanı bölgənin yepiskopu
M.TAVKAZAXOV,
Şimali Osetiyanın müftisi
S.MUSAYEV,
müfti, Qafqaz Müsəlmanları İdarəsi sədrinin
birinci müavini
S.İXİİLOV,
Azərbaycanın dağ yəhudiləri icmasının başçısı
A.PŞİXAÇOV,
Kabarda-Balkariyanın müftisi
Ə.ƏLİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı
səlahiyyətli nümayəndəsi
S.KARALAYEV,
Kalmıkiyanın müftisi
B.BORKVADZE,
Acarıstanın müftisi (Gürcüstan)
T.XƏLİLOV,
Beynəlxalq İslam Missiyasının prezidenti (Moskva)