AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın 85 illik yubileyi ərəfəsində agentliyin əməkdaşlarından bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi haqqında imzaladığınız Sərəncamlarla kollektivimizin sevincinə daha bir sevinc bəxş etdiniz. Biz bunu təkcə AZƏRTAC-ın kollektivinin əməyinə deyil, həm də zəngin ənənələri olan, bu il 125 illiyini qeyd edəcək Azərbaycan mətbuatında müstəqil dövlətimizin, xalqımızın milli mənafelərinə sədaqətlə xidmət edən, jurnalist adını uca tutan bütün həmkarlarımızın işinə verilən yüksək qiymət kimi qəbul edirik.
Zati-aliləri, bu yüksək mükafata görə Sizə - müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısına, ümummilli liderimizdən sonra xalqımızın öz taleyini etibar etdiyi Prezidentimizə bütün kollektivimiz adından sonsuz minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, xalqımızın dahi oğlu Heydər Əliyev respublikamızda mətbuat və söz azadlığının təmin olunması üçün hər cür şərait yaratmışdı və jurnalistlərin onu özlərinin dostu hesab etməsini yüksək qiymətləndirirdi. Tam əminliklə deyə bilərik ki, bu, dövlət başçısı ilə KİV nümayəndələri arasında münasibətlər baxımından, bəlkə də, dünya təcrübəsində nadir hallardan biri idi. Ümummilli liderimiz respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə AZƏRTAC-a da daim böyük diqqət və qayğı göstərmişdir. Onun 1995-ci ildən etibarən AZƏRTAC-la bağlı imzaladığı Fərman və Sərəncamlar agentliyin işinin yaxşılaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi üçün hərtərəfli zəmin yaratmışdır. Məhz bunun sayəsində AZƏRTAC dünya informasiya məkanına çıxmağa başlamış, xarici ölkələrdə ilk müxbir məntəqələrini açmışdır.
Hörmətli cənab Prezident, ulu öndərimizin AZƏRTAC-a göstərdiyi diqqət və qayğının Sizin tərəfinizdən də davam etdirilməsi kollektivimizi daha səylə işləməyə, Azərbaycan həqiqətlərini dünyada geniş yaymaq üçün yeni yollar və vasitələr axtarmağa sövq edir. AZƏRTAC beynəlxalq əlaqələrini getdikcə genişləndirir, dünyanın aparıcı informasiya agentlikləri ilə ikitərəfli səviyyədə və regional qurumlar çərçivəsində əməkdaşlıq yaradır. Fərəhlə bildiririk ki, hazırda AZƏRTAC hər gün dünyanın 60-dan çox ölkəsinə Azərbaycan, ingilis və rus dillərində xəbərlər göndərir.
Zati-aliləri cənab Prezident, əmin ola bilərsiniz ki, dahi Heydər Əliyevin siyasi xəttinin bütün istiqamətlərdə davam etdirilməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da yüksəldilməsi, respublikamızın dinamik sosial-iqtisadi inkişafına nail olunması sahəsində Sizin həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlərin informasiya təminatı, müstəqil respublikamız haqqında həqiqətlərin dünyada daha geniş yayılması üçün kollektivimiz bundan sonra da bütün imkanlarını səfərbər edəcəkdir.
Möhtərəm cənab Prezident, kollektivimizin əməyinə verdiyiniz yüksək qiymətə görə Sizə bir daha minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın hər cəhətdən güclü dövlətə çevrilməsi, xalqımızın xoşbəxt gələcəyi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar diləyirik.
AZƏRTAC-ın kollektivi adından dərin hörmət və ehtiramla
Aslan Aslanov
Baş direktor
1 mart 2005-ci il