AZƏRBAYCAN RUMINİYA İLƏ HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏYƏ HAZIRDIR
Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tasım Cəmil və yeni təyin olunmuş hərbi attaşe polkovnik İoan Viktor Dokuz ilə görüşmüşdür.
Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rumıniya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən səfir vurğulamışdır ki, biz bu münasibətləri strateji müttəfiqliyə qədər davam etdirəcəyik. O demişdir: “Bu günlərdə Rumıniyanı əlamətdar bir hadisə gözləyir. Rumıniya NATO-ya tamhüquqlu üzv kimi qəbul olunmaq ərəfəsindədir. Bu, Rumıniyanın iki min illik tarixində fövqəladə bir hadisədir”.
Hərbi attaşe cənab Dokuz Rumıniya müdafiə nazirinin salamlarını general-polkovnik Səfər Əbiyevə çatdırmışdır. O qeyd etmişdir ki, Rumıniya və Azərbaycanın siyasi münasibətləri əla vəziyyətdədir. Biz hərbi əməkdaşlığımızı da bu səviyyəyə qaldırmalıyıq. Rumıniyanın Müdafiə Nazirliyi təklif edir ki, Türkiyə, Çexiya, Polşa və digər dövlətlərin zabitlərinin təhsil aldığı Rumıniya Hərbi Akademiyasındakı Mərkəzdə Azərbaycan zabitləri də təhsil alsınlar.
Səfər Əbiyev Azərbaycanda Rumıniya Silahlı Qüvvələri attaşeliyinin tez bir zamanda yaradılmasından razı qaldığını bildirmişdir. O demişdir: “Bu, Azərbaycan Prezidenti Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun hər iki dövlətin milli mənafeyinə xidmət edən münasibətlərinin nəticəsidir”.
O, Rumıniyanın NATO-ya üzv qəbul edilməsini alqışlamışdır. Müdafiə naziri demişdir:”Təkliflərinə görə Rumıniyanın müdafiə nazirinə təşəkkür edirəm. Biz də Rumıniya ilə hərbi əməkdaşlığı gücləndirməyə hazırıq”.
Görüşün sonunda müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə bir daha təbrik etmiş və səmərəli fəaliyyəti üçün ona hər cür şərait yaradılacağını bildirmişdir.