Azərbaycan Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatını alqışlayır
Bakı, 24 fevral, AZƏRTAC
Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunmasına dair Azərbaycanın mövqeyi barədə kütləvi informasiya vasitələrinin sualını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Londonda keçirilmiş “Suriyaya və regiona dəstək” adlı konfransda və fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı mətbuat konfransında etdiyi çıxışda Azərbaycanın Suriya böhranı ilə əlaqədar mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bildiririk ki, Azərbaycan Respublikası Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır. Bəyanata və Suriyada hərbi əməliyyatların dayandırılması şərtlərinə dair onun əlavəsinə uyğun olaraq, Suriyada 2016-cı il fevralın 27-dən etibarən atəşkəs qüvvəyə minməlidir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır. Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir.
Ümid edirik ki, atəşkəsin əldə olunmasına dair razılaşma BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun qəbul etdiyi digər sənədlərə uyğun olaraq, Suriya xalqının iradəsi əsasında BMT-nin çətiri altında böhranın həlli üçün siyasi prosesin başlanmasına təkan verəcək.
Azərbaycan Respublikası donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək”.