İDMAN
Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər
Gəncə, 15 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Sloveniyanın Podçetrtek şəhərində savatın assault növü üzrə böyüklər arasında dünya çempionatı keçirilib. 36 ölkədən idmançıların iştirak etdiyi çempionatda Azərbaycan millisi 5 savatçı ilə təmsil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, kişilər arasında Azərbaycan Savat Federasiyasının qərb bölgəsi üzrə təmsilçisi Beyrək Bağırov (85 kiloqram), qadınların mübarizəsində isə Tutu İsmayılova (48 kiloqram) medal qazanıblar. Tutu İsmayılova C qrupunda Ukrayna, Yaponiya və Avstriya idmançıları ilə mübarizədə qalib gələrək qrupu 9 xalla başa vurub və yarımfinala yüksəlib. Finala gedən yolda Fransa təmsilçisinə 1:2 hesabı ilə məğlub olan idmançı bürünc medala sahib çıxıb. Beyrək Bağırov isə C qrupunda Kanada, İtaliya və Mavritaniya idmançılarına qalib gələrək, 9 xalla yarımfinala çıxıb. Bu mərhələdə Fransa idmançısına uduzub və bürünc medalla kifayətlənib.
Bu, millinin tarixində savatın assault növü üzrə böyüklər arasında dünya çempionatında qazanılan ilk medallardır.