Azərbaycan səfiri COVID-19 pandemiyası ilə əlaqədar Malayziya xəbər agentliyinin suallarını cavablandırıb
Kuala Lumpur, 19 mart, AZƏRTAC
Malayziyanın BERNAMA milli xəbər agentliyi COVID-19 pandemiyası ilə əlaqədar bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iş rejiminə dair keçirdiyi sorğu barədə məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev agentliyin suallarını cavablandıraraq diplomatik nümayəndəliyimiz tərəfindən görülən işlərə dair məlumat verib. Diplomat Malayziyadakı səfirliyimizin bu ölkə ilə yanaşı, Tailand, Myanma və Bruneydə akkreditə olunduğunu, sözügedən ölkələrdə yaşayan və ya müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları ilə bağlı yarana biləcək məsələləri həll etmək üçün səfirliyin konsulluq xidmətinin xüsusi rejimdə işlədiyini və bu məqsədlə 24 saat açıq olan “qaynar xətt”in (+6017 2398943) yaradıldığını bildirib. Həmçinin səfirliyin sosial media hesabları vasitəsilə qeyd olunan ərazilərdəki Azərbaycan vətəndaşları ilə təmas qurulduğunu diqqətə çatdırıb.
Q.Allahverdiyev səfirliyin gündəlik iş prosesində Malayziya hökumətinin martın 18-dən etibarən tətbiq etdiyi hərəkət nəzarəti rejimindən irəli gələn məhdudiyyətlərin və bu çərçivədə Malayziya Xarici İşlər Nazirliyinin müvafiq tövsiyələrinin nəzərə alındığını vurğulayıb.
Qeyd edək ki, Malayziyanın Baş Naziri Muhyiddin Yassin COVID-19 pandemiyası ilə mübarizə məqsədilə martın 16-da bir sıra məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutan “Hərəkət nəzarəti rejimi” adlı xüsusi sərəncam imzalayıb. Sərəncam martın 31-dək qüvvədə olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur