Azərbaycan səfiri etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin Baş direktoruna təqdim edib
Bakı, 5 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin baş direktoru Maykl Möllerə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə V.Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını baş direktora çatdırıb və ölkəmizin BMT ilə bir çox sahələrdə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Söhbət zamanı qeyd edilib ki, BMT-nin Cenevrə Bölməsinin ixtisaslaşdığı sahələr - insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqəladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlükəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətin vacib tərkib hissəsini təşkil edir.
Səfir V.Sadıqov bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə humanist və sülhpərvər siyasətinin göstəricisi kimi, 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etdiyini, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil ediləcəyini diqqətə çatdırıb.
V.Sadıqov 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və tədbirdə BMT-nin baş katibi Pan Gi Munun gözlənilən iştirakı haqda məlumat verib.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq sənədlərinə istinad edərək, təşkilatın bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.
M.Möller bildirib ki, BMT-nin Cenevrə Bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri proqramının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və üzv ölkələrlə əlbir işləməyə hazırdır. Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunan baş direktor qeyd edib ki, bu məsələlərin yeni inkişaf səviyyəsinə qaldırılması böyük əhəmiyyət kəsb edir və bütün ölkələrin səylərinin səfərbər olunmasını tələb edir.
Görüşün sonunda BMT-nin Cenevrə Bölməsinin baş direktoru M.Möller salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını səfirdən xahiş edib və ölkəmizlə BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişafında əməkdaşlıq etməyə hazır olduğunu bildirib.