SİYASƏT
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü Parisdə qeyd olunmuşdur
Paris, 26 iyun (AZƏRTAC). Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə ölkəmizin Fransadakı səfirliyi və Hərbi Attaşe Aparatı tərəfindən təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Fransa Respublikasının Müdafiə Nazirliyinin, Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin nümayəndələri, Parisdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri, senatorlar, ölkənin hərbi sənaye şirkətlərinin əməkdaşları, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Mərasimdə qonaqları salamlayan səfir Elçin Əmirbəyov və hərbi attaşe, polkovnik Eldar İsmayılov ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əlaqələrin uğurla inkişaf etdiyini, bu ilin yanvarında Azərbaycanın müdafiə nazirinin Fransaya səfərinin ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verdiyini vurğulamışlar.
Sonra Azərbaycan Silahlı Qüvvələri haqqında videoçarx nümayiş olunmuşdur.
Qonaqlara Azərbaycan Ordusunun döyüş qabiliyyətini əks etdirən materiallar təqdim olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris