AZƏRBAYCAN TERRORİZMƏ QARŞI DAİM BARIŞMAZ MÖVQE TUTMUŞDUR
Martın 26-da Bakı Əyləncə Mərkəzində “Beynəlxalq terrorizm insan hüquqlarına təhlükədir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
NATO-nun təşkilatçılığı ilə keçirilən konfransı Azərbaycan MEA İnsan Hüquqları İnstitunun direktoru Rövşən Mustafayev açmışdır. O demişdir ki, indiki mürəkkəb şəraitdə insan hüquq və azadlıqlarının qorunması ən aktual problemdir. Bu problemlə ayrı-ayrı dövlətlər deyil, beynəlxalq təşkilatlar da ciddi məşğuldur. Etnik separatizmin nəticəsi olan terrorizm insan haqlarının pozulması baxımından daha ciddi təhlükədir.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vurğulamışdır ki, XXI əsr beynəlxalq terrorizmə qarşı mübarizə və insan hüquqlarının qorunmasında qlobal siyasətin həyata keçirildiyi və ciddi addımların atıldığı bir əsrdir. İnsan hüquqlarının qorunması ayrı-ayrı vətəndaşların və ya dövlətlərin vəzifəsi deyildir. Bu məsələ dövlətlərin siyasətini birləşdirən BMT, ATƏT, AŞ, NATO kimi beynəlxalq və regional təşkilatların əsas siyasi xəttini təşkil edir. Bəzi dövlətlər öz problemlərini həll etmək adı altında terror aksiyaları həyata keçirirlər. Azərbaycanın özü uzun illər, xüsusən də 1988-ci ildən bəri dəfələrlə terrorizmə məruz qalmış, minlərlə günahsız insan qətlə yetirilmişdir. Eləcə də Almaniya, ABŞ, Türkiyə və digər dövlətlərin ərazilərində terror hadisələri baş vermişdir. ABŞ-dakı məlum 11 sentyabr hadisələrinə qədər bu cür faktlara dövlətlərin daxili problemi kimi baxılırdı. Həmin faciəli hadisələrdən sonra isə terrorizmin necə böyük bəla olduğu aydın oldu və dünya dövlətləri terrorizmlə mübarizəyə qalxdı. Cənubi Qafqazda Azərbaycan terrora ən çox məruz qalmış ölkədir. Erməni separatizmi nəinki Azərbaycan, eləcə də bütün region dövlətləri üçün real təhlükədir. Buna görə də ölkəmiz terrorizmi qətiyyətlə pisləyərək, antiterror koalisiyasına qoşulmuşdur. İndiki beynəlxalq konfransın Bakıda keçirilməsi də Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal və barışmaz mövqe tutduğunu bir daha göstərir.
Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz, Gürcüstanın xüsusi tapşırıqlar üzrə səfiri Konstantin Jgenti, NATO-nun Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə informasiya və mətbuat ofisinin nümayəndəsi xanım Yeter Yaman, milli təhlükəsizlik nazirinin müavini Fuad İsgəndərov və başqaları konfransda çıxış etmişlər.
F.İsgəndərov demişdir ki, ötən yaxın dövr ərzində Azərbaycan 32 dəfə terrora məruz qalmış, iki minə yaxın insan terrorizmin qurbanı olmuşdur. Antiterror koalisiyasına qoşulan ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini ardıcıl surətdə davam etdirir. Yüzlərlə terrorçunun Azərbaycana keçməsinin qarşısı alınmış, beynəlxalq axtarışda olan onlarca cinayətkar tutularaq müvafiq dövlətlərə təhvil verilmişdir.
Konfrans martın 27-də öz işini davam etdirəcəkdir.