ŞƏRH
Azərbaycan Türk dünyasında önəmli körpü rolunda çıxış edir- ŞƏRH
Bakı, 8 noyabr, AZƏRTAC
Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi Azərbaycanın xarici siyasəti prioritetlərində ilk sırada dayanır. Ortaq kimliyə, tarixi inkişaf yoluna, mədəniyyətə, inanclara və ənənələrə malik türk xalqlarının qarşılıqlı etimada əsaslanan birliyinin təmin edilməsi fonunda güclü Türk dünyasının və təşkilatının formalaşdırılması Azərbaycan üçün kifayət qədər önəmli strateji hədəflərdən biridir. Bu il iyul ayının 6-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bu hədəfləri açıq şəkildə ifadə edərək bildirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib. O bildirib ki, qlobal sistemdə hökm sürən ədalətsizlik və ikili standartlar şəraitində ortaq dəyərlərə sahib dövlətlərin ümumi maraqlardan çıxış edərək həmrəylik nümayiş etdirməsi bütövlükdə türk kimliyinin qorunması üçün mütləq xarakter daşıyır. Ona görə də bu gün Azərbaycanın başlıca hədəflərindən biri Türk dünyasının qlobal sistemin əsas güc mərkəzlərindən birinə çevrilməsinə nail olmaqdır. Yol xəritəsi artıq bəllidir. Mütəmadi olaraq keçirilən görüşlər, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər əsasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi bu istiqamətdə atılmış mühüm addımlardır. Həmçinin türk dövlətlərinin ümumi potensialı nəzərə alındıqda, onların qlobal sistemdəki rolunun artırılması üçün daimi həmrəylik nümayiş etdirilməsi kifayət qədər önəmlidir. Belə ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində ortaya qoyduğu təşəbbüslər buna bariz nümunə hesab oluna bilər.
“Bu il Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi ayrılıb, təhlükəsizlik çağırışlarına cavab olaraq mütəmadi şəkildə ortaq hərbi təlimlər keçirilir və eləcə də Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan Türk dünyasında önəmli körpü rolunda çıxış edir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycanın haqq mübarizəsində bütün ədalətsiz yanaşmalara münasibətdə türk dövlətlərinin nümayiş etdirdiyi qətiyyətli mövqe də mütləq şəkildə qeyd edilməlidir. Türk dövlətləri bu gün Qarabağın dirçəlişində iştirak edən dostlarımız və müttəfiqlərimizdir”, - deyə politoloq vurğulayıb.
Qarşılıqlı etimadın formalaşdırılmasının əsasını təşkil edən belə mühüm addımların ortaq tarixi, mədəni və etnik kimlikdən irəli gələn bağlılıqla daha da möhkəmlənərək güclü bir birliyin yaradılmasına imkan verdiyini deyən A.Qurbanova əlavə edib: “Nəticə etibarilə bu il təşkilatın yaranmasının əsasını qoyan Naxçıvan sazişinin 15-ci ildönümü qeyd olunur. Ötən 15 il ərzində mühüm nailiyyətlər əldə olunsa da, hədəflər görülən işlərdən daha böyükdür. Növbəti onilliklər ərzində yeni formalaşan dünya nizamında hərbi, siyasi, iqtisadi, mədəni və ideoloji əsaslarda ortaq yol xəritəsinə sahib Türk Dövlətləri Təşkilatının formalaşdırılması isə artıq reallaşmaqda olan başlıca hədəf olaraq ifadə edilə bilər”.