AZƏRBAYCAN-TÜRKMƏNİSTAN BİZNES FORUMUNUN KEÇİRİLMƏSİ XALQLARIMIZIN MƏNAFEYİNƏ UYĞUNDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda keçirilən birinci Azərbaycan-Türkmənistan biznes forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidovu qəbul edərkən bildirmişdir.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətinin rəhbərini salamlayaraq bildirmişdir ki, Aşqabadda birgə iqtisadi forumun keçirilməsi iki qonşu və qardaş xalqlarımızın mənafeyinə uyğundur və qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Türkmənistanın dövlət başçısı ölkəsində aparılan sosial-iqtisadi islahatlar barədə də məlumat vermişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Emil Məcidov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək demişdir ki, Türkmənistan Prezidentinin Azərbaycana son səfəri dövlətlərimiz arasında münasibətlərin yeni mərhələsinin və uzunmüddətli əməkdaşlığın bünövrəsini qoymuşdur. O vurğulamışdır ki, biznes forum çərçivəsində müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi ilə əlaqədar müxtəlif görüşlər keçirilmiş, razılaşmalar əldə olunmuşdur.
Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, sənaye, energetika, nəqliyyat, tikinti, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsinə toxunulmuş, hər iki ölkənin sahibkarları arasında əlaqələrin yaradılmasının vacibliyi bildirilmişdir.
Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov görüşdə iştirak etmişdir.